Yaponiya və Çinin Müdafiə nazirliklərinin nümayəndələri 2012-ci ildən bəri ilk dəfə olaraq Şərqi-Çin dənizində yerləşən mübahisəli Senkaku adaları rayonunda böhran vəziyyətinin qarşısının alınması üçün müvafiq tədbirlərin hazırlanması məqsədilə işgüzar məsləhətləşmələr aparıblar.
Kyodo informasiya agentliyinin məlumatına görə, iki gün davam etmiş məsləhətləşmələr yanvarın 12-də Tokioda başlayıb. İlk görüşün nəticəsi olaraq, tərəflər iki ölkənin hökumət strukturları arasında "qaynar xətt"in yaradılması və ildə bir dəfə işgüzar məsləhətləşmələrin aparılması barədə baza razılaşmasına gəliblər. Bundan əlavə, mübahisəli adalar rayonunda Yaponiya və Çin gəmilərinin və təyyarələrinin ümumi radio tezliklərdən istifadə etmələri də planlaşdırılır.
Yaponiya və Çin arasında münasibətlər 2012-ci ilin sentyabrında, yapon hökuməti yerli sahibkardan Senkaku arxipelaqına daxil olan beş adadan üçünü aldıqdan sonra gərginləşib. Rəsmi Pekin həmin adaları Çin ərazisi hesab edir. Çin və Yaponiya arasında adaların məxsusiyyəti ilə bağlı mübahisə 1970-ci illərin əvvəllərində başlayıb. Yaponiya tərəfi bildirir ki, bu adalar 1895-ci ildən ona məxsusdur, buna qədər isə onların sahibi olmayıb. Pekin isə təkid edir ki, həmin adalar 600 il əvvəl Çin imperiyasının tərkibində olub və Yaponiyanın 1783-cü və 1785-ci illərdə hazırladığı xəritələrdə onlar Çin əraziləri kimi göstərilib.
İkinci Dünya müharibəsindən sonra bu adalar ABŞ-ın nəzarətində olub və 1972-ci ildə Okinava adası ilə birlikdə Yaponiyaya qaytarılıb. Çin hesab edir ki, Yaponiya qeyri-qanuni olaraq adalara sahib çıxıb. Rəsmi Tokionun məsələyə mövqeyi belədir ki, Senkaku adaları həmişə Okinava prefekturasının tərkibində olub və bu qanunauyğundur. Çinin tələbini isə Yaponiya hökuməti rayonun təbii sərvətlərlə zəngin olması ilə izah edir.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB