Türkmənistan qazını artırır

Qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutan Türkmənistan 2015-ci ildə hasilatı 9 faiz, yəni 83,8 milyard kubmetrədək artıracaq. Vestifinance.ru saytı xəbər verir ki, Nazirlər Kabinetinin geniş iclasında çıxış edən Prezident Qurbanqulu Berdiməhəmmədov neft-qaz sənayesi rəhbərlərinə maye qaz istehsalının və ixracının artırılması, strateji Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisinin sürətləndirilməsi barədə göstərişlər verib.

Prezidentə aid saytda, həmçinin xaricə 48 milyard kubmetr qaz ixrac olunacağı da qeyd edilir.

Türkmənistan hökumətinin məlumatına görə, xammal bazasının möhkəmləndirilməsinə və milli iqtisadiyyatın enerji sahəsində ixrac potensialının artırılmasına imkan verən bir çox layihələr üzərində iş aparılır. Bu məqsədlə, hazırda ölkənin şərqində yerləşən "Qalkınış" qaz yatağının istismarı üzrə işlər görülür, Ahal vilayətində neft və təbii qaz emalı zavodu qurulur, "Şərq-Qərb" qaz kəmərinin və digər neft-qaz komplekslərinin tikintisi və istismara verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə