“AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları”nın ötürdüyü siqnallar qeydə alınıb

“AirAsia” şirkətinə məxsus təyyarənin “qara qutuları”nın ötürdüyü siqnallar qeydə alınıb

Xilasedicilər "AirAsiya" şirkətinə məxsus qəzaya uğramış təyyarənin "qara qutuları"nın ötürdüyü siqnalları laynerin quyruq hissəsinin müəyyən edildiyi yerdən 300 metr aralıda qeydə alıblar. Bu barədə yanvarın 9-da İndoneziya silahlı qüvvələrinin baş komandanı general Muldoko məlumat verib.

General bildirib ki, "qara qutular"ın yerləşdiyi ərazini tədqiq etmək üçün yeddi dalğıc göndərilib. "Qara qutular" vizual olaraq hələlik aşkar edilməyib.

Eyni vaxtda dalğıcların başqa bir qrupu təyyarənin quyruq hissəsinin yerləşdiyi sahədə, 34-37 metr dərinlikdə işləri davam etdiriblər. Onların qarşısında təyyarənin həmin hissəsinə daxil olaraq "qara qutular"ın olduğu yeri dəqiqləşdirmək və bu hissəni suyun üzərinə qaldırmaq üçün əməliyyata hazırlıq işlərinə başlamaq vəzifələri qoyulub. Lakin gözlənilmədən hava pisləşdiyinə görə xilasetmə işlərinin dayandırılması və yanvarın 10-da davam etdirilməsi qərara alınıb. Hazırda Yavan dənizində 3-5 bal gücündə qasırğa davam edir.

İndoneziya hökuməti beş aviaşirkətin 61 istiqamətdə uçuşlarını dayandırıb. Bu barədə məlumat verən İndoneziyanın nəqliyyat naziri İqnasius Conan bildirib ki, buna səbəb aparılan yoxlamalar zamanı aviaşirkətlərin fəaliyyətində aşkar edilmiş çoxsaylı pozuntulardır.

Aviaşirkətlərin genişmiqyaslı yoxlanılmasına səbəb "AirAsia" şirkətinə məxsus təyyarənin uçuş cədvəlində aşkar olunan pozuntu olub. Nəqliyyat Nazirliyi təsdiq edir ki, daşıyıcı şirkət həmin gün uçmaq hüququna malik olmayıb.

Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan "AirAsia" şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.

Vüqar Ağayev, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə