Araz Aslanlı: “Gürcüstan hakimiyyəti növbəti seçkilərdə hakimiyyəti itirə bilər” Münasibət

Araz Aslanlı: “Gürcüstan hakimiyyəti növbəti seçkilərdə hakimiyyəti itirə bilər” Münasibət

"Rusiya və Gürcüstan bir-birləri üçün xarici siyasətdə ən əhəmiyyətli dövlətlərdən biridir. Çünkü, Rusiya Gürcüstan üçün böyük qonşu dövlətdir və Gürcüstanın taleyi ilə bağlı prinsipial məsələlərdə Rusiyanın mövqeyi həlledicidir". Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Gürcüstanın son vaxtlar Rusiya ilə yaxınlığının bu ölkəyə edəcəyi təsirlərlə bağlı SİA-münasibət bildirərkən deyib.

O qeyd edib ki, son günlərdə Rusiya ilə Gürcüstan arasında yaxınlaşmanın ən böyük səbəblərindən biri iqtisadi motivlərdir. Bundan başqa, Rusiyanın Ermənistana birbaşa çıxış yolu olaraq Gürcüstan mərkəzdə dayanmaqdadır: "Nəzərə almaq lazımdır ki, Cənubi Osetiya və Abxaziya problemi və digər Gürcüstanla bağlı iqtisadi məsələlərdə Rusiya ilə münasibətlər böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Rusiya üçün Gürcüstan cənubi Qafqazda ən əhəmiyyətli dövlətlərdən biridir. Nəzərə almaq lazımdır ki, Gürcüstan Rusiyaya birbaşa Ermənistana çıxış yolu kimi əhəmiyyətlidir. Amma o da aydındır ki, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı problemlərinin kökündə Rusiya durduğu üçün, iki dövlət arasında münasibətlərin xarakteri kifayət qədər yaxşı deyil. Gürcüstan tərəfindən baxdıqda isə hələ ki ciddi bir yaxınlaşma gözlənilmir. Gürcüstanın indiki hakimiyyəti Rusiya ilə aralarında soyuqluğa səbəbin sadəcə Rusiya olmadığını, Saakaşvili tərəfindən aparılan bəzi siyasətin də nəticəsi olduğunu qeyd edir. Hazırda Gürcüstan hakimiyyətində elə düşüncə var ki, Rusiya ilə yaxınlıq olarsa ərazi bütövlüyü ilə bağlı problemlər həll oluna bilər. Lakin bu yaxınlaşmada iqtisadi motivlər daha çox nəzərə çarpır. Gürcüstanın kənd təsərrüfatı məhsullarını, mineral sularını və s ixrac edə biləcəyi məhsulları var. Amma əsas məsələ ərazi bütövlüyü ilə bağlıdır. Ümumiyyətlə buradakı əsaslar Gürcüstanın bütövlükdə təhlükəsizliyinə və suverenliyinə yönələn təhlükələrlə bağlı məsələlərdir".

Ekspert Rusiya ilə Gürcüstan arasında siyasi yaxınlaşmanın mərkəzində duran ərazi bütövlüyü məsələsinin hələ Şevardnadze zamanından mövcud olduğunu, indiki hakimiyyətin isə bu problemi ən azından Şevardnzade dönəmindəki vəziyyətə gətirmək istədiyini vurğuladı: "Bu məsələlərin tarixinə nəzər salsaq hələ Şevardnadze dövründə də bu problemlər həll olunmamışdı. O vaxtda da Rusiyanın mövqeyində qırmızı sərhədlər var idi. Amma ən azından Saakaşvili dövründəki qədər ümidsiz də deyildi. Hazırda Gürcüstan hakimiyyəti fikirləşir ki, müəyyən addımlar ataraq Rusiya ilə münasibətləri Şevardnadzenin dövründəki vəziyyətə qaytarsın. Lakin burada belə bir problem ortaya çıxır ki, Rusiya cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıyır. Bununla bağlı addımın geri atılıb atılmaması məsələsi meydana çıxır. İlk mərhələdə Rusiyanın deyəcəyi söz problemin birdən birə həll olunmasını gözləməyin mümkün olmayacağıdır".

Araz Aslanlı Gürcüstanla Rusiya arasındakı vəziyyətin yenidən qaydaya salınması və yaxınlığın əldə olunması üçün Rusiyanın qonşusu ilə bağlı ərazi bütövlüyü məsələsinə yenidən baxmasının vacib olduğunu qeyd etdi. Cənubi Osetiya və Abxaziya məsələsində Rusiyanın mövqeyinin dəyişmədiyi təqdirdə bu ölkə ilə sıx əməkdaşlıq edəcək Gürcüstanın indiki hökumətinin isə gələcək seçkilərdə hakimiyyəti əldən verəcəyinin labüd olduğunu vurğuladı: "Ancaq Rusiya ilkin addımlar ataraq hakimiyyətdə prinsip dəyişikliyi edə bilər. Bu Gürcüstan tərəfindən də gözlənilir. Əldə olunan anlaşma ilə Rusiya – Gürcüstan münasibətlərindəki indiki niyyət bəyanları konkret nəticəyə istiqamətlənəcək və irəliləyiş olacaq. Əgər Rusiyanın ərazi bütövlüyü ilə bağlı mövqeyində dəyişiklik olmazsa, Rusiya ilə kiçik səviyyəli münasibətlər ola bilər, amma daha ciddi addımlar atılmayacaq. Çünkü Rusiyanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişmədiyi təqdirdə Gürcüstanın indiki hakimiyyəti Rusiyaya qarşı daha ciddi addımlar atarsa, bu onların növbəti seçkilərdə hakimiyyəti itirməsi ilə nəticələnə bilər. Çünkü indiki hakimiyyət Saakaşvilini günahlandırır, əks təqdirdə özləri daha aktiv mövqeyə düşəcəklər. Yəni günahkarın Saakaşvili deyil, Rusiyanın olduğu və özlərini də Rusiyaya güzəştə gedən dövlət kimi göstərmiş olacaqlar. Yəni Rusiya güzəştə getmir, sadəcə olaraq Gürcüstandakı hakimiyyət özündən əvvəlki höküməti günahlandırır. Özü isə hərtərəfli güzəştə getməsi ilə bağlı görüntü ortaya çıxarmış olur. Bunun da prinsipial məqamı o vaxt bəlli olacaq ki, Rusiyanın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyində dəyişiklik olacaq, yoxsa yox".

Bütün xəbərlər Facebook səhifəmizdə