Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına edilən silahlı hücum İŞİD-in qisası ola bilər. Belə ki, hadisədən təxminən bir saat əvvəl jurnala aid Twitter səhifəsində İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin karikaturası yayımlanıb. Hazırda redaksiyaya məxsus Twitter səhifəsi bağlıdır. Rusiyanın NTV telekanalı xəbər verir ki, Fransa telekanallarında çıxış edən ekspertlər hücumun dəqiqliklə planlaşdırıldığını qeyd edirlər.
BBC telekanalının məlumatına görə, basqın Kalaşnikov avtomatları ilə silahlanmış və "Allahu akbar" sədaları səsləndirən iki qara maskalı şəxs tərəfindən törədilib. İki nəfər polisin də aralarında olduğu 12 nəfəri qətlə yetirən yaraqlılar hadisə yerindən qara rəngli avtomobillə uzaqlaşıblar. Ölənlərin arasında, həmçinin jurnalın aparıcı karikaturaçı-rəssamları Kabu (Jan Kabu), Şarb (Stefan Şarbonye), Tiqnu və Volinski də var.
Euronews telekanalı hücumun jurnalın son sayında yazıçı Mişel Uelbekin siyasi antiutopiya janrında yazılmış romanının dərci ilə bağlı ola biləcəyini qeyd edir. Bu romana əsasən Fransada 2022-ci ildəki seçkilərdə milliyyətçilərin lideri Marin Le Pen üzərində qələbə çalan islamçı-prezident hakimiyyətə gəlir. Əsərin qəhrəmanı əvvəl Fransada, daha sonra isə digər Avropa dövlətlərində islam qanunlarını bərqərar etməyə başlayır və Parisdə Pasxa əvəzinə Ramazan bayramı qeyd olunur.
"Charlie Hebdo" jurnalı haqqında məlumat
Solçu və dünyəvi mövqe tutan, karikatura, reportaj və lətifələr dərc edən "Charlie Hebdo" satirik jurnalı 1969-cu ildə Paris şəhərində təsis olunub. Redaktoru jurnalın redaksiyasına bu gün edilən silahlı hücum zamanı həyatını itirən Stefan Şarbbonye idi.
Jurnal 2006-cı ildə Məhəmməd peyğəmbərlə bağlı karikaturalarla əlaqədar qalmaqal yaşayıb. Məhəmməd peyğəmbərlə yanaşı, jurnalın hədəfinə başqa dinlərin də nümayəndələri düşüb.
2011-ci ilin noyabr ayında redaksiya Tunisdə "Ən-Nəhda" islam hərəkatının qələbəsinə xüsusi buraxılış həsr edib. Bu hadisə ilə bağlı qəzetin adı dəyişdirilərək fransız dilindən tərcümədə "şəriət həftəliyi" mənasına gələn "Charia Hebdo" ilə dəyişdirilib, nəşrin manjetində Məhəmməd peyğəmbərin karikaturası yerləşdirilib. Bu hadisədən sonra redaksiya hücuma məruz qalıb və bina yandırılıb.
2012-ci ilin sentyabr ayında jurnal yenidən Məhəmməd peyğəmbərlə bağlı karikaturalar dərc etməyə başlayıb. Həmin buraxılış Amerikada çəkilmiş "Müsəlmanların məsumluğu" filminə həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB