Latviya Avropa İttifaqına başçılıq edir

Latviya Avropa İttifaqına başçılıq edir

Yanvarın 1-dən Latviya yarım il müddətinə Aİ Şurasında sədrlik edəcək. Aİ-nin rəqabətə davamlılığına, onun qlobal rolunun artmasına yardımçı olmaq və inkişaf üçün rəqəmsal potensialdan istifadə etmək onun fəaliyyətinin prioritetləri olacaq. Aİ-yə sədrlik edən dövlət hər yarım ildən bir rotasiya qaydasında dəyişir. Avropa İttifaqının digər ölkələri, Avropa Komissiyası, Avropa Parlamenti və başqa orqanlar ilə əməkdaşlığın əlaqələndirilməsi onun vəzifələrinə daxildir.

Aİ Şurasının sədri kimi Latviya Brüssel, Lüksemburq və Latviyada Şuranın və işçi qruplarının təqribən 1500 müşavirəsini keçirəcək. Bunun xarici siyasətə dair müşavirələrə və xüsusi hallara aidiyyəti yoxdur.

Gözlənildiyinə görə, yarım il ərzində Latviyada təqribən 200 tədbir, o cümlədən Latviya Milli Kitabxanasında 100-dən çox tədbir keçiriləcək. Bu müddət ərzində Latviyaya 25 minədək xarici siyasətçi və məmur, habelə 700 jurnalist gələcək.

Sədrlik dövrünə aid tədbirlərin çoxu Aİ-nin vəsaiti hesabına maliyyələşəcək.

2015-ci ilin yanvarından başlayaraq Latviya İtaliyanın başladığı işi davam etdirəcək. Avropa və Mərkəzi Asiya ölkələri ilə münasibətlər, elektron kommersiya və kiber-təhlükədən müdafiə əsas prioritetlər olacaq. "Şərq tərəfdaşlığı" Proqramının iştirakçısı olan ölkələrin sammiti Aİ Şurasında sədrlik dövründə ən əhəmiyyətli hadisələrindən biri olacaq. Avropa İttifaqı ölkələrinin, habelə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın nümayəndələri gələn ilin mayında Riqaya toplaşacaqlar. Bu zirvə görüşündə ümumən 34 ölkənin liderinin iştirakı gözlənilir.

Aİ-nin qlobal rolunu gücləndirməyə istiqamətlənən Latviyanın istər şərqdəki, istərsə də qərbdəki qonşulara diqqət yetirməsi onun üçün prioritet olacaq. Beləliklə, Riqa sammiti tərəqqinin təhlili və yeni strateji addımların atılması üçün əhəmiyyət kəsb edəcək. Aİ-nin Mərkəzi Asiya kimi strateji mühüm regionunda iştirakı da dəstəklənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə