Yəmənin cənub-qərb bölgəsində yerləşən Damar şəhərində şiə-husitlərin yığıncağında partlayıcı vasitə işə düşüb. Partlayış nəticəsində altı nəfər, o cümlədən bir jurnalist həlak olub. SİA-xəbər verir ki, bu barədə CTV News məlumat yayıb. Ümumilikdə isə 31 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilir.
Öldürülən jurnalist Xalid Vaşli qiyamçı husitlərə məxsus televiziya kanalında çalışıb. Terror hadisəsini isə "Əl-Qaidə" öz üzərinə götürüb.
Qeyd olunur ki, özlərini şiə şeyxi Husinin davamçısı hesab edən qiyamçılar son bir neçə ayda Yəmənin böyük bir ərazisini ələ keçirməyə nail olublar. Nəticədə onlarla yerli bədəvilər (onlar radikal sünni qruplaşmalarına və "Əl-Qaidə"yə yaxınlıqları ilə seçilirlər) arasında kəskin qarşıdurmalar, silahlı toqquşmalar baş verib.
Belə ki, dekabrın 31-də terrorçu kamikadze özünü İbb şəhərində yerləşən məscidin qarşısında partladıb. Həmin vaxt insanlar Məhəmməd Peyğəmbərin (s.a.v.s.) mövludunu qeyd edirdilər. Nəticədə 30 nəfər ölmüş, 50 nəfər yaralanmışdı.
Qeyd edək ki, Yəməndə 2011-ci ildən başlayaraq, qeyri-stabil vəziyyət yaşanır. Bu, hakimiyyətin dəyişikliyindən sonra başlayıb. Ölkənin cənubunda "Əl-Qaidə"-nin terror aktları həyata keçirilir. Hakimiyyət nümayəndələri də bildirirlər ki, terror təşkilatına yerli bədəvilər tam dəstək göstərirlər.
Xatırladaq ki, dekabrın əvvəllərində amerikalı fotomüxbir Lyuk Somers həyatını itirmişdi. Belə ki, onun azadlığa buraxılması üçün keçirilən əməliyyatda "Əl-Qaidə" üzvləri Lyuk Somersi öldürməyə nail olmuşdular.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB