Yeni il bayramını hər xalq öz ənənəsinə uyğun qeyd edir. Süfrələrə milli xörək və şirniyyatlar düzürlər. Gürcüstanda da Yeni ilin ruzili, bərəkətli olması üçün masaya ilk növbədə milli xörəklər düzülür və yalnız bu ölkədə süni yolla hazırlanan rəmzi, sarı rəngli çeçilaki ("sarı yolka") bəzədilir.
Bayram günlərində Tbilisi şəhərinin park və meydanlarında yolkalar bəzədilib. Bəzi parklarda yolkaları uşaqlar bəzəyirlər. Şaxta babalar yollarda, şəhərin küçə və prospektlərində insanlara Yeni il hədiyyələri, şirniyyat paylayırlar. Süfrələrə isə əsl gürcü milli mətbəxinin nümunəsi sayılan yeməklər düzülür.
Məsələn, küçə ticarəti ilə məşğul olan yaşlı qadın Sofiko Dekanaşidze deyir ki, Yeni ildə süfrəyə hökmən gürcülərin milli xörəyi olan Saçivi qoyulmalıdır. Saçivi toyuq və ya hind toyuğundan hazırlanır, yeməyə qoz-fındıq ləpəsi qatılır. Bununla yanaşı, çuçxela da olmalıdır. Bu da qoz ləpəsi, üzüm şirəsi və undan hazırlanmış xüsusi şirniyyatdır.
Daha sonra hər bir kəs süfrəyə öz zövqünə uyğun olaraq müxtəlif salatlar, şirniyyatlar düzür. Xingəl, acılı və digər yeməklərə gəldikdə, müsahibim deyir ki, bu yeməklərə hər gün, hər yerdə rast gəlinir, amma o birilərinə yox.
S.Dekanaşidze deyir ki, 2014-cü il onun ailəsi üçün o qədər də əlamətdar olmayıb. Ən böyük arzusu Abxaziyadakı evinə qayıtmaqdır. O deyir: "Vətənindən, doğma ata-baba yurdundan didərgin düşməyin nə demək olduğunu azərbaycanlılar yaxşı bilirlər. Bunu ona görə deyirəm ki, minlərlə azərbaycanlı da mənim kimi öz ölkəsində məcburi köçkündür. Tanrıdan arzum budur ki, 2015-ci ildə şər qüvvələr bizdən uzaq olsun, sizin də, bizim də torpaqlarımız işğaldan azad olunsun. Gələn ili biz də, siz də öz torpaqlarımızda qeyd edək".
Tbilisi şəhər sakini, müəllim Tamaz Sotxuçişvili də Yeni ildən çox şey gözləyir. O deyir: "Mən Yeni ildə Yer kürəsinin bütün insanlarına firavanlıq arzulayıram. Qoy heç bir yerdə müharibə olmasın, insanlar sülh şəraitində yaşasınlar, heç bir evdən ah-nalə eşidilməsin".
T.Sotxuçişvili bayram süfrəsini özünəməxsus şəkildə bəzəyəcəyini bildirir. O deyir ki, bu axşam bizim süfrəmizdə saçivi, çuçxela ilə yanaşı, balaca donuz balası da olacaq. Bilirəm müsəlmanlar bunu xoşlamırlar, amma bizim süfrəmizdə hökmən qızardılmış donuz olmalıdır. Bəs kabablar, xingəl, acılı? Yox, onlar gündəlik yeyilir və xüsusən də restoranlarda.
Süfrəmizdə bizim sevimli gürcü çaxırımız da olmalıdır. Qalanlar artıq hər kəsin öz zövqünə uyğun təşkil edilir. Ancaq bu dediklərim hökmən olmalıdır.
Gənc həkim xanım Xatiya Samusiya 2014-cü ili uğurla başa vurub. O deyir: "2014-cü ildə mənim qardaşımın, dostlarımın, yaxın qohumlarımın toyu oldu. Biz çox xoşbəxt günlər yaşadıq. İstərdim ki, 2015-ci ildə də elə xoş günlər yaşayaq. Amma problemlərimiz də çoxdur. Məsələn, mənim həyat yoldaşım Abxaziyadandır. Neçə ildir ki, ailə qurmuşuq, amma mən heç vaxtı orda olmamışam. Həyat yoldaşım da, mənə də çox istəyirik ki, o torpaqlara qayıdaq. Arzu edirəm ki, bütün gözü yolda olanlar öz arzularına çatsınlar, istəklilərinə qovuşsunlar.
Xatiya Samusiya da süfrəyə çoxlu naz-nemət düzəcək. O öz süfrəsinə milli şirniyyat qozinaxi də qoyacaq. Bu, bal və qozdan hazırlanmış xüsusi şirniyyat növüdür. Deyir ki, bu şirniyyat düşərlidir və hamıya xoşbəxtlik, evlərə şirinlik gətirir.
Gənc əczaçı həkim Maya Mixoraşvili isə 2016-cı ili Braziliyada qarşılamaq arzusundadır. Maya hələlik ailə qurmaq istəməsə də Bakını görmək istəyir: Deyirlər ki, Bakı çox gözəl şəhərdir. Azərbaycan xalqı mehriban və qonaqpərvərdir. Eşitdiyimə görə, xüsusən də Novruz bayramında ölkəniz daha gözəl olur. O gözəlliyi öz gözlərimlə görmək istərdim. Yəqin ki, gələn il mən buna nail olacağam. Hər halda buna çalışacağam. Mən Azərbaycandakı, ümumiyyətlə, bütün dünyadakı həmyaşıdlarıma firavan həyat arzulayıram. Heç bir yerdə müharibə olmasın, heç bir xanımın, Ananın gözü yolda qalmasın.
Tanrı bizləri qorusun!
Azərbaycan xalqının da bayramı mübarək olsun!
AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB