İordaniya Türkiyədən kömək istədi

İordaniya Türkiyədən kömək istədi

İordaniya hökuməti Türkiyənin Əmmandakı səfirliyinə müraciət edərək, "İslam Dövləti" terror qruplaşması tərəfindən ölkənin hərbi hava qüvvələrinin əsir götürülən qırıcı təyyarəsinin pilotunun xilası istiqamətində kömək etməsini istəyib. SİA xəbər verir ki, bu barədə Türkiyənin İordaniyadakı diplomatik nümayəndəliyi "Hürriyət"ə açıqlamasında danışıb. Artıq Türkiyə tərəfi İordaniya hökumətinin müraciətinə cavab verib. Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkənin xüsusi kəşfiyyat agentilyi olan MİT (Milli İstihbarat Teşkilatı) və digər bu yöndəki strukturlar insidentin detallarını araşdırmaqla məşğuldur. Əgər hər hansı bir imkan olsa, iordaniyalı pilotun terrorçuların əlindən xilas olunması üçün dərhal tədbir görüləcək.

Qeyd edək ki, bundan öncə xarici mətbuatda belə bir informasiya yayılmışdı ki, artıq İordaniya hökuməti "İslam Dövləti" ilə gizli danışıqlara başlayıb və pilotun azadlığa buraxılması üçün Türkiyə ilə Qətər də həmin prosesdə iştirak edə bilərlər.

Xatırladaq ki, ötən həftənin çərşənbə günü iordaniyalı hakimiyyət dairələri ölkə HHQ-nə məxsus təyyarənin Suriyanın Rakka şəhərində qəzaya uğradığını təsdiq ediblər. Qırıcı "İslam Dövləti"nə qarşı aparılan əməliyyatlar zamanı yerə düşüb. Lakin İordaniya hökuməti təyyarənin terrorçular tərəfindən vurulması iddialarını rədd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə