Rusiya hökuməti Ermənistanın "Metsamor" atom elektrik stansiyasına (AES) kredit ayrılması təklifinə müsbət yanaşıb. SİA Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, kreditin məqsədi AES-in tükənməkdə olan istifadə müddətinin uzadılmasına əsaslanıb. Bunun üçün RF hökuməti Ermənistana 270 milyon ABŞ dolları verməyi nəzərdə tutub.
"Layihənin icrası üçün 15 illik müddətə 270 milyon dollar kredit vermək nəzərə alınıb. Məqsəd "Metsamor"un fəaliyyət müddətinin artırılmasıdır" -deyə, Rusiyanın nazirlər kabinetinin rəsmi saytında qeyd olunub.
Xatırladaq ki, "Metsamor"un istifadə müddəti 2016-cı ilin sentyabrında başa çatır. İki ölkə arasında əldə edilən kredit razılaşması isə ötən həftənin şənbə günü baş tutub. Onu da qeyd edək ki, ümumi razılaşma hələ 2013-cü ildə əldə olunmuşdu. Rusiyanın rəsmi atom strukturu olan "Rosatom" "Metsamor"un enerji blokunda müəyyən yoxlamalar da aparıb.
"Metsamor" AES 1970-ci ildə tikilərək istifadəyə verilib. 1988-ci ildə Spitakda baş verən dağıdıcı zəlzələdən sonra bu stansiya bağlanmışdı. Lakin 1995-ci ildə beynəlxalq etirazlara baxmayaraq, AES-in fəaliyyəti bərpa edilib, hərra ikinci reaktor da işə salınıb.
Dünya ekoloqlarının fikrincə, AES-in mövcud olduğu ərazi seysmik aktiv olan bölgədə yerləşir. Bu baxımdan, "Metsamor"un fəaliyyəti regiona çox ciddi təhlükə hesab olunur. Ekoloqlar həmçinin bildiriblər ki, hətta AES yeni və müasir standartlara cavab versə belə, həmin təhlükə qalmaqda davam edəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB