ABŞ hökuməti Britaniyanın bp şirkətinin Meksika körfəzinə neft sızması ilə nəticələnən qəzaya görə 16-18 milyard dollar cərimələnməsini tələb edir. TASS informasiya agentliyi xəbər verir ki, hökumət bu məsələ ilə bağlı işin aparıldığı Yeni Orlean (Luiziana ştatı) federal məhkəməsinə müraciət edib.
ABŞ hökuməti bp kompaniyasının ölkə tarixində ən böyük neft sızmasına yol açdığı və buna görə Amerika qanunvericiliyində nəzərdə tutulmuş ən ağır cərimə ödəməli olduğu fikrindədir. Su ehtiyatlarının təmizliyi ilə bağlı federal qanuna əsasən şirkət 18 milyard dollar cərimələnə bilər.
Bundan başqa hökumət qəzanın baş verdiyi Macondo quyusunun layihəsində 25 faizlik payı olan Amerikanın Anadarko kompaniyasının da 1 milyard dollar cərimələnməsini istəyir.
Qeyd edək ki, 2010-cu ilin aprel ayında bp kompaniyasının Macondo quyusunda qazma işləri apardığı Deepwater Horizon platformasında 11 nəfərin həlak olduğu partlayış baş vermişdi. Nəticədə Meksika körfəzinə 4,9 milyon barrel neft sızmış və bu qəza ABŞ tarixinə ən böyük ekoloji fəlakət kimi daxil olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB