Özbəkistanda "sükut günü" dür

Özbəkistanda "sükut günü" dür

Ötən gündən başlayaraq Özbəkistanda parlament seçkiləri (Oli Majlis) ərəfəsi "sükut günü" başlayıb. SİA-nın xəbərinə görə, səsvermə sabah – dekabrın 21-də başlayacaq. Seçkilərdə 20,79 milyon insanın iştirakı gözlənilir. Parlament seçkilərinə qeydiyyata alınmış dörd partiya qatılacaq. Bunlar Özbəkistan Liberal-Demokratik Partiyası, Özbəkistan Xalq Demokratik Partiyası, Özbəkistanin Demokratik Partiyası "Milli Tiklaniş" (Milli oyanış) və Özbəkistanın sosial-demokrat partiyası olan "Odolat" (Ədalət) Partiyasıdır. Qalib partiya baş nazir postuna namizəd irəli sürəcək.

Ümumilikdə qeydiyyata alınmış namizədlərin sayı 535 nəfərdir. Hər partiya ümumilikdə 132-135 namizəd irəli sürüb. Namizədlərdən 3/1-ni qadınlar təşkil edir. Ölkə mətbuatı onu da yazır ki, parlament seçkilərində Özbəkistanın ekoloji hərəkatı da iştirak edəcək. Onlara parlamentin alt palatasındakı 150 yerdən 15-i təklif olunub.

Namizədlərin təbliğat-təşviqat işləri üçün yarım ay vaxtları olub. Özbəkistan MSK-nın sədri Mirzə-Uluqbəy Abdusalomov seçkilərə hazırlıqla bağlı keçirdiyi brifinqdə bildirib ki, hər bir namizədə ayrı-ayrılıqda geniş şərait yaradılıb və onlar mətbuat vasitəsilə öz təbliğatlarını aparıblar. Onun sözlərinə görə, təbliğat-təşviqat işlərində internetdən – sosial şəbəkələrdən, veb-saytlardan və internet mətbuatından kifayət qədər istifadə edilib. Namizədlər öz platformalarını tam demokratik şəraitdə seçicilərinə çatdırmağa nail olublar.

Xatırladaq ki, Özbəkistanda 2009-cu ildə keçirilən ötən parlament seçkilərində bu ölkənin Liberal Demokratik Partiyası ən çox mandat əldə etmişdi.

Qeyd edək ki, ölkədə 9 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Məntəqələr səhər saat 6:00-dan açılacaq. Saat 20:00-da isə məntəqələrin bağlanışı elan ediləcək. Ehtimal edilən nəticələr MSK tərəfindən dekabrın 22-də açıqlanacaq. Seçkiləri 70 min yerli, 300 beynəlxalq müşahidəçilər izləyəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə