İran Səudiyyə Ərəbistanını İTTİHAM ETDİ

Həsən Firuzabadi: “Bu ölkə “İslam Dövləti”ni silahlandırır”
İran Səudiyyə Ərəbistanını İTTİHAM ETDİ

"Səudiyyə Ərəbistanı neftdən əldə etdiyi gəlirləri "İslam Dövləti" ("İŞİD"-red.) kimi terror təşkilatlarına xərcləyir". SİA-nın məlumatına görə, bu ittihamla İran silahlı qüvvələrinin baş qərargahının rəisi general Həsən Firuzabadi çıxış edib.

Ölkənin "irna" agentliyi isə xəbər verir ki, İran generalı Səudiyyə Ərəbistanının məhz bu kimi təşkilatların yaranmasında maraqlı olduğunu iddia edib və bildirib ki, məhz neftdən gələn gəlirlərin bir qismi gizli yollarla sözügedən istiqamət üzrə istifadə edilir. O, eyni zamanda ABŞ və koalisiya qüvvələrinin "İslam Dövləti"nə qarşı apardığı mübarizənin səmimi olmadığını da deyib: "ABŞ və Avropa ölkələrinin "İslam Dövləti"nə qarşı qurduqları koalisiya qəti olaraq taktiki addımdır. Burada hər hansı ciddi mübarizədən söhbət belə gedə bilməz. Əslində, Qərb ölkələri də bu terror təşkilatına silahlanma üçün yardım göstərirlər. Neft istehsalını artırmaqla, Səudiyyə Ərəbistanı Qərb ölkələrini inandırıb ki, onlarda yanacaqla bağlı heç bir problem olmayacaq. Lakin indi – neftin qiymətinin ucuzlaşmasından sonra vəziyyət başqa cürdür. Səudiyyə Ərəbistanı region ölkələrinin iqtisadiyyatına 500 milyard dollar həcmində ziyan vurub".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə