Peşəvarda terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat başa çatıb

Peşəvarda terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat başa çatıb

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində hərbi məktəbə hücum edən altı terrorçunun zərərləşdirilməsi ilə bağlı əməliyyat başa çatıb, onların hamısı məhv edilib. Əməliyyatı Pakistanın Baş naziri Nəvaz Şərif və ölkənin hərbi komandanlığının yüksək səviyyəli nümayəndəsi general Raxil Şərif izləyib. Bu haqda Pakistan hərbi komandanlığı məlumat yayıb.

Məlumatda deyilir ki, əvvəl məktəbdə üç güclü partlayış olub. Sonra terrorçuların hücumu başlayıb. Fasilələrlə 15 partlayış baş verib, bunun da nəticəsində məktəbin binası demək olar ki, tamamilə dağılıb.

Son məlumata görə, terror aktı nəticəsində 131 nəfər həlak olub, onların azı 100 nəfəri uşaqdır. 120 nəfər isə yaralanıb. Məlumatda qeyd edilir ki, hücum vaxtı məktəbdə 500-dən artıq müəllim və şagird olub.

Əməliyyat başa çatdıqdan sonra Baş nazir Nəvaz Şərif jurnalistlərə müsahibəsində bildirib ki, terrorçular ölkənin ərazisindən tam təmizlənənə qədər onlarla mübarizə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə