Erməni biznesmenlər Ermənistana yardım etməyəcəklərini BƏYAN EDİBLƏR
Ermənistan Rusiyada yaşayan erməni biznesmenlərin qərarından zərbə alıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti yazır. Erməni qəzetinin yazdığına görə "Hayastan" ümumerməni fondu 2014-cü ilin son günlərində Moskvada növbəti pulyığma aksiyası barədə qərar qəbul etsə də, Rusiyada yaşayan erməni biznesmenləri bu qərara qarşı çıxaraq, heç bir yardım etməyəcəklərini bəyan ediblər. Fondun mətbuat xidmətindən isə bildiriblər ki, buna səbəb kimi "Rusiyadakı hazırkı vəziyyət" göstərilir.
"Uzun illərdən sonra bu hal birinci dəfədir ki, baş verir. Belə ki, ötən ilin 17 sentyabrında Serj Sarkisyan və "DQR" prezidenti Bako Saakyan Rusiyada fəaliyyət göstərən erməni biznesmenləri ilə müəyyən razılığa gələrək, "Hayastan" ümumerməni fonduna 12 milyon, 350 min dollar yardım yığa bilmişdilər" -deyə, erməni nəşri yazıb.
Xatırladaq ki, bu il Los-Ancelesdə keçirilən telemarafon və teletonda bir sıra Avropa ölkələrindən ümumilikdə 12 milyon 399 min, ötən həftənin cümə axşamı günü isə Livanda keçirilən radioton vasitəsilə 77 milyon 500 dollar pul yığılmışdı.
Ancaq bütün bunlara baxmayaraq, noyabr ayında ABŞ-da yaşayan bir qrup erməni "Hayastan" fondunun keçirdiyi banketlərə yox!" aksiyası keçirmişdi. Aksiyaçılar öz sözlərində bildiriblər ki, adıçəkilən fond korrupsiya əməlləri ilə məşğuldur və Ermənistanın depot hakimiyyətinə iqtidarda qalmağa köməklik edir. Etirazçılar xatırladıblar ki, hələ 2012-ci ildə "Hayastan" fondu 20 milyon dollar pul yığdığı halda, korrupsiyaya bulaşmış Ermənistan hakimiyyəti 750 milyon ABŞ dolları itirib. İddialarda o da qeyd edilib ki, həmin il Ermənistanda vergi yığımı ən aşağı səviyyədə olub. Sözügedən etiraz aksiyasını isə amerikalı erməni jurnalist Ara Manukyan təşkil edib. Erməni jurnalist ötən il də eyni aksiyanın təşkilatçısı olub.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan "Hayastan" ümumerməni fondunda məsləhətçilər şurasının sədridir. Şuranın üzvləri isə Robert Köçəryan, eləcə də "DQR" prezidenti Bako Saakyan və Ermənitanın baş naziri Ovik Abramyandır. Fondda Ermənistan hakimiyyətinin digər rəsmiləri də təmsil olunurlar. Fondun əsas pulyığanı isə Bako Saakyandır. O, hər il dünya turuna çıxaraq, fond üçün pul dilənir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB