Dünya liderləri yeni azad ticarət zonası yaradılması ideyasını dəstəklədilər
Çində keçirilən Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammitində Asiya-Sakit okean ölkələri liderləri Çin Xalq Respublikasının sədri Si Tsin Pin tərəfindən təklif olunmuş azad ticarət üçün yeni zonanın yaradılması ideyasını dəstəkləyiblər. AzərTAc BBC telekanalına istinadla xəbər verir ki, yeni assosiasiyanın "yol xəritəsi"nin qəbul edildiyini bildirən Si Tsin Pin onun yaradılmasını tarixi addım kimi qiymətləndirib və region ölkələrini daha sıx iqtisadi inteqrasiyaya çağırıb.
Buna paralel olaraq ABŞ Çinin artan gücü fonunda regionda Amerikanın təsirini qorumağa yönəlmiş Trans Sakit okean tərəfdaşlığının yaradılmasını müzakirə edir. Tərəfdaşlığa aralarında Rusiya və Çinin olmadığı 12 dövlətin daxil olacağı gözlənilir. Eyni zamanda ABŞ ilə Çin sənaye mallarının qarşılıqlı ticarətində tariflərin ləğv olunması ilə bağlı vacib razılaşma əldə edildiyi barədə də xəbər yayılıb. Bu razılaşma yarımkeçiricilərin, tibbi avadanlıqların və elektron cihazların qiymətinin xeyli ucuzlaşmasına gətirib çıxaracaq. Dünən sammitin kuluarlarında Yaponiya və Çin liderlərinin ilk görüşünün keçirildiyi bildirilir.
Qeyd edək ki, Şərqi Çin dənizindəki adalar qrupuna qarşılıqlı iddialar iki ölkə arasındakı münasibətlərin həddən artıq gərginləşməsinə gətirib çıxarıb. Bundan başqa, sammitin kuluarlarında Avstraliyanın Baş naziri Toni Ebbott və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin qısa söhbəti də olub.
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov görüş zamanı sərt ifadələrin yer almadığını və liderlərin Ukrayna ərazisində qəzaya uğramış Malayziya avialaynerinin tədqiqatının sürətləndirilməsi çağırışını səsləndirdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB