"Dünya bazarında neftin qiyməti dibə enəcək və yenidən qalxacaq"
Venesuela prezidenti proqnoz verdi

"Dünya bazarında neftin qiyməti dibə enəcək və bundan sonra yenidən qalxacaq. Biz bunun üzərində işləyirik və işlərimizi bundan sonra da davam etdirəcəyik". Bu fikri Venesuela prezidenti Nikolas Maduro Karakasda keçirilən mətbuat konfransında səsləndirib. TASS informasiya agentliyi xəbər verir ki, keçən həftənin nəticələrinə görə Venesuela neftinin 1 barrelinin orta qiyməti 82 dollar təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 3 dollar aşağıdır. Ekspertlər qeyd edirlər ki, qiymətlərin ucuzlaşması artıq beş həftədir mütəmadi olaraq davam edir.

Son həftənin göstəriciləri də nəzərə alınarsa, Venesuela neftinin orta illik qiyməti ehtimal edilən və 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan 60 dollardan xeyli çox - təxminən 95 dollar olub. Halbuki keçən ilin yekunlarına görə bu göstərici 99 dollar təşkil edirdi.

Rəsmi məlumatlara görə, hazırda Venesuela sutkada 3 milyon barrel neft hasil edir ki, bunun da 2,5 milyon barreli ixrac olunur. Neft məhsullarını əsasən ABŞ və Çinə satan Venesuela neft ixrac edən ölkələr arasında 5-ci yeri tutur. Bundan başqa, Venesuela dünyada təsdiq olunmuş və ümumi həcmi təxminən 300 milyard barrel qiymətləndirilən ən iri "qara qızıl" ehtiyatlarına da malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə