Qərbi Afrikada həftədə 10 min insan Ebola virusuna yoluxa bilər

Qərbi Afrikada həftədə 10 min insan Ebola virusuna yoluxa bilər

Dünya birliyi hələ ki, Ebola virusu ilə mübarizədə məğlub olur. Əgər virusun yayılması bu templə davam edərsə, dekabr ayında Qərbi Afrikada yoluxmaların intensivliyi həftədə on min nəfərə çata bilər. BMT-nin Ebola ilə fövqəladə mübarizə missiyasının başçısı Entoni Benberi qurumun Təhlükəsizlik Şurasını hadisələrə qlobal səviyyədə müdaxilə etməyə çağırıb.

Maliyyə yardımı, avadanlıq, hərbi və mülki əməkdaşlar göndərən bütün ölkələrə təşəkkürünü bildirən Benberi virusla mübarizədə bütün bunların kifayət etməyəcəyindən ehtiyatlandığını deyib. O, həmçinin qeyd edib ki, Ebolanın hələ qeydə alınmadığı ölkələri qorumaq üçün yeganə düzgün yol virusun hazırda tüğyan etdiyi Liberiya, Qvineya və Serra-Leoneyə kömək göstərməkdir.

Dünya Səhiyyə Təşkilatı qorxunc xəstəliklə mübarizə üçün ilk növbədə xəstəxanalarda yerlərin artırılmasını və virus qurbanlarının cəsədlərinin götürülməsini sürətləndirməyi vacib hesab edir. Belə ki, Serra-Leonenin paytaxtında polis qüvvələri cəsədlərdən birinin iki gün küçədə qalmasından hiddətlənmiş yerli sakinləri dağıtmaq üçün gözyaşardıcı qaz işlətmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə