Kaliforniyanı bölə bilmədilər

Kaliforniyanın beş ştata bölünməsi barədə Amerika milyarderi Tim Dreyper tərəfindən irəli sürülmüş təşəbbüs referenduma çıxarılmayacaq. Kaliforniyanın hakimiyyət dairələri cümə günü bildiriblər ki, bu ideya lazımi qədər imza yığa bilməyib.
Ştatın seçki komissiyasına bir milyondan çox imza təqdim edilsə də, onların yalnız 750 mini etibarlı sayılıb. Məsələnin referenduma çıxarılması üçün isə 800 mindən az olmayaraq imza toplamaq tələb edilir. Çoxlu sayda imzanın etibarsız hesab edilməsinin səbəbi isə açıqlanmayıb.
Draper Fisher Juvetson holdinqinin yaradıcısı olan Dreyper 2013-cü ilin dekabrında irəli sürdüyü ideyanı reallaşdırmaq kampaniyasına 4,98 milyon dollar xərcləyib. O, Kaliforniyanın bölünməsini çoxlu iqtisadi və sosial məsələlərin həllinə imkan yarada biləcəyi ilə əsaslandırır.
Bununla belə, əgər milyarderin təşəbbüsü referenduma çıxarılsaydı və ştatın sakinləri bunun lehinə səs versəydilər, yeni qurumların yaradılmasını ABŞ konqresinin dəstəkləməsi də lazım gələcəkdi. Ekspertlərin fikrincə, buna olan şans praktiki olaraq sıfıra bərabərdir. Yeni amerikan ştatı bu yolla axırıncı dəfə 1863-cü ildə Qərbi Virciniyanın Virciniya ştatının tərkibindən ayrılması ilə yaradılmışdı.
Kaliforniya ABŞ-ın əhalisi ən çox (38 milyon nəfər) və iqtisadi cəhətdən daha çox inkişaf etmiş ştatıdır. Əgər o, ayrıca dövlət olsaydı, öz iqtisadiyyatına görə dünyada 8-ci yeri tuta bilərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə