Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib
Tacikistan prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü keçirilib. Görüşdə təşkilatın üzvü olan dövlətlərin başçıları-Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya prezidentləri Emoməli Rəhmon, Nursultan Nazarbayev, Almazbek Atambayev, İslam Kərimov, Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpin iştirak ediblər. Zirvə görüşünə müşahidəçi kimi Əfqanıstan, İran, Monqolustan prezidentləri Həmid Kərzai, Həsən Ruhani, Saxiaqiyn Elbeqdorj, həmçinin Hindistanın xarici işlər naziri Suşma Svarac, Pakistan baş nazirinin müşaviri Sərtac Əziz də qatılıblar.
Tədbirdə ŞƏT-nin dialoq üzrə tərəfdaşları Türkiyə, Belarus və Şri-Lankanın, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndələri də təmsil olunublar. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşdə qonaq kimi iştirak edib.
Emoməli Rəhmonun sədrliyi ilə keçirilən Zirvə görüşündə Nursultan Nazarbayev, Almazbek Atambayev, İslam Kərimov, Vladimir Putin Si Szinpin, həmçinin müşahidəçi ölkələrin prezidentləri və nümayəndələri çıxış ediblər.
Dövlət başçıları ŞƏT qarşısında duran vəzifələr, dünyanın geosiyasi və geoiqtisadi vəziyyəti, Ukrayna hadisələri və ondan çıxış yolları, Əfqanıstanda sabitliyin bərpa edilməsi, regionda və dünyada baş verən aktual məsələlər ətrafında geniş müzakirələr aparıblar.
Zirvə görüşündə təşkilata sədrlik bir il müddətinə Rusiya Federasiyasına keçib.
Görüşün yekunları ilə əlaqədar səkkiz sənəd imzalanıb./azərtac/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB