Qazaxıstan Prezidenti ŞƏT-in Əlaqələndirmə Şurasını yaratmağı təklif edib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gəlib. O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasındakı çıxışında ŞƏT Əməkdaşlıq Şurası yaradılmasını təklif edib.
N.Nazarbayev deyib: "Müşahidəçi dövlətlərlə, ŞƏT çərçivəsində dialoq üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi diqqətəlayiqdir. Biz müşahidəçi dövlətlərin nümayəndələri ilə milli əlaqələndiricilərin görüşləri mexanizmini ŞƏT Əlaqələndirmə Şurasına çevirməyi təklif edirik".
Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Qazaxıstan Prezidenti bəzi problemlərə diqqəti cəlb edib.
Qazaxıstan Prezidentinin rəsmi saytında bildirilir ki, dövlət başçısı ŞƏT üzvü olan dövlətlər arasında həll edilməmiş sərhəd problemlərini əsas məsələlərdən biri adlandırıb. O, ŞƏT-in baza sənədlərinin, məsələn sərhəd rayonlarında etimad tədbirlərinin möhkəmləndirilməsini və silahlı qüvvələrin azaldılmasını nəzərdə tutan Şanxay və Moskva sazişlərinin müddəalarına riayət olunmasının müstəsna əhəmiyyətinə diqqəti cəlb edib. Nursultan Nazarbayev ŞƏT üzvü olan dövlətlərin ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini də qeyd edib.
Qazaxıstan dövlətinin başçısı deyib: "Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə qədər Yer kürəsi əhalisinin sayı 9 milyard nəfərə çatacaqdır. Bununla bərabər, yaxın 10 ildə anomal hava şəraiti üzündən dünyada ərzaq istehsalının həcmi azalacaqdır. Bu perspektiv ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizminin yaradılması və müvafiq əməkdaşlıq proqramının təsdiq edilməsi barədə Qazaxıstanın təşəbbüsünün müzakirəsini bərpa etməyin vacibliyinə sübutdur".
Su qıtlığı problemi regionda sabitliyə və təhlükəsizliyə təsir göstərən ciddi amildir. Qazaxıstan dövlətinin başçısı bununla əlaqədar qeyd edib ki, Qazaxıstanın təklif etdiyi Su Komitəsinin yaradılması bu məsələnin həlli üzrə praktiki əməkdaşlıq mexanizmi ola bilərdi. Qazaxıstan Prezidenti göstərib ki, ŞƏT prioritetləri ilə ayrı-ayrı iştirakçı ölkələrin milli maraqlarının bir-birinə uyğun gəlməməsi üzündən bəzi layihələrin və təşəbbüslərin həyata keçirilməsi ləngiyir, müvafiq maliyyə resurslarının olmaması bir sıra mühüm iqtisadi layihələrin icrasını çətinləşdirir.
Nursultan Nazarbayev ŞƏT iştirakçısı olan ölkələri "EKSPO-2017" sərgisində iştiraka dəvət edib. N.Nazarbayev deyib: "Məlum olduğu kimi, Astanada "Yeni enerji" mövzusunda "EKSPO-2017" sərgisi keçiriləcək. Hörmətli həmkarlar, biz sizi həmin sərgidə iştirak etməyə çağırırıq. 2014-cü ilin noyabr ayında ŞƏT enerji klubunun iclası keçiriləcək. Qazaxıstan tərəfindən təşkil edilən bu tədbirin mövzusu "İnkişaf perspektivləri və bərpa oluna bilən enerjidən istifadə" adlanır, yəni "EKSPO-2017" sərgisinin mövzusuna uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB