11 sentyabr terror aktından 13 il ötür

Amerikada tarixin ən böyük terror hadisəsinin – 11 sentyabr terror aktının törədilməsindən 13 il ötür. SİA-nın xəbərinə görə, 2001-ci il sentyabrın 11-i terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin (DTM) "əkiz" qüllələrinə çırpılaraq onları yerlə-yeksan edib, daha bir təyyarə Vaşinqtonda ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) binasına çırpılıb, terrorçuların qaçırdığı bir təyyarə isə Pensilvaniya ştatında yerə düşərək partlayıb.

Belə ki, Nyu-York vaxtı ilə 8.46-da (Bakı vaxtı ilə 17.46) "Amerikan Eyrlaynz" aviaşirkətinin Bostondan Los-Ancelesə uçan (11-ci reys) "Boinq" sərnişin təyyarəsi DTM-nin "şimal" qülləsinə, 17 dəqiqə sonra "Yunayted Eyrlaynz" şirkətinə məxsus daha bir "Boinq" (175-ci reys, Boston - Los-Anceles) 115 mərtəbəli göydələnin ikinci - "cənub" qülləsinə dəyərək partlayıb. ABŞ Federal Aviasiya İdarəsi Nyu-York ətrafında uçuşlara qadağa qoyduqdan bir neçə dəqiqə sonra, saat 9.55-də isə "Amerikan Eyrlaynz"ın Vaşinqtondan Los-Ancelesə uçan sərnişin təyyarəsi (77-ci reys) ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) beşguşəli möhtəşəm binasına çırpılıb.

Nəhayət, 10.25-də "Yunayted Eyrlaynz"ın Nyu-Yorkdan San-Fransiskoya uçan (93-cü reys) daha bir sərnişin təyyarəsi Pitsburq şəhərindən 130 kilometr aralıda, Sommerset bölgəsində yerə dəyib partlayıb.

Təyyarələrin partlaması ilə yaranan güclü istilik effekti Nyu-Yorkdakı "əkiz" qüllələrin möhkəm konstruksiyasını o dərəcədə zəiflətmişdi ki, dünyanın ən möhtəşəm tikilisi bir neçə dəqiqənin içində nəhəng polad-beton "dağı"na çevrilmişdi. DTM-nin binasında yanğın bir neçə gün davam edib.

Ticarət mərkəzinin dağıntılarının təmizləmə işləri idüz 9 ay sürüb. Sonralar aparılan statistikaya görə, təkcə DTM-nin dağıntıları altında 2792 nəfər, onun "əkiz" qüllələrinə çırpılan iki təyyarədə 157 nəfər, Pentaqonun binasına dəyən təyyarədə və binanın özündə 184 nəfər, Pensilvaniya ştatında yerə düşmüş təyyarədə isə 129 nəfər həlak olub. Bundan əlavə, 380 nəfər itkin düşmüş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə