Bu gün Birləşmiş Ştatların əl-Qaidə terrorçu qrupu tərəfindən hücuma məruz qalmasının 13-cü il dönümüdür. SİA-nın xəbərinə görə, 2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular.
Digər təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurmuşdu. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğramışdı. Rəsmi məlumata görə, hücumlar nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.
Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may, 2011-ci il tarixində Usama Bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsində Pakistanda gizləndiyi evində öldürüldü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB