Suriyanın kimyəvi silah arsenalı ləğv olunsa da, ABŞ narahatdır

Suriyanın kimyəvi silah arsenalı ləğv olunsa da, ABŞ narahatdır

Suriyanın bəyan olunmuş kimyəvi silah arsenalının ləğv olunması prosesi yekunlaşıb. İTAR-TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obamanın və dövlət katibi Con Kerrinin adından bazar ertəsi yayılmış bəyanatda məlumat verilib. Suriyanın kimyəvi silah arsenalının ləğvini mühüm nailiyyət kimi dəyərləndirən B.Obama qeyd edib ki, proses nəzərdə tutulan vaxtdan bir neçə həftə əvvəl Amerikanın ixtisaslaşdırılmış Cape Ray gəmisinin göyərtəsində başa çatıb. ABŞ Prezidenti Danimarka, Norveç, İtaliya, Finlandiya, Almaniya və Böyük Britaniyanın şəxsində yaxın müttəfiqlərinə və tərəfdaşlarına minnətdarlığını bildirib, həmçinin Rusiya və Çinin bu istiqamətdə göstərdiyi yardımı yüksək qiymətləndirib.

Suriyanın kimyəvi silah arsenalının ləğv olunmasına dair razılaşma ötən il Rusiyanın təşəbbüsü ilə əldə edilmişdi və bu, Vaşinqton administrasiyasını Suriyaya qarşı məhdud hərbi əməliyyatlar həyata keçirmək niyyətindən daşındırmışdı.

Ağ evin rəhbər bəyan edib ki, indi ABŞ Dəməşqin qalan kimyəvi silah istehsalı obyektlərinin məhvinə dair öhdəliyinə necə əməl etdiyini diqqətlə izləyir. Bununla belə, Suriyanın kimyəvi silah arsenalına dair təqdim olunan bəyannamədəki çatışmazlıqlar və birmənalı səslənməyən məqamlar Vaşinqtonda ciddi suallar doğurur. Həmçinin Suriyada kimyəvi silahdan istifadənin mümkünlüyünə dair məlumatlar da ABŞ-ı narahat etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə