İsrail müharibəni başlatdı

İsrail ordusu Qəzza zolağından ölkənin cənubuna yönəlik raket zərbələrinə cavab olaraq HƏMAS hərəkatına qarşı "Etiraz edən uçurum" adlı hərbi əməliyyata başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrail ordusunun sözçüsü Avihai Aderaa Twitter səhifəsindəki açıqlamasında bildirib.

İsrailin Qəzzanın fərqli bölgələrinə bu gecə boyunca hava, quru və dənizdən təşkil etdiyi hücumlar zamanı 22 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, İsrailin döyüş təyyarələri tərəfindən Qəzzanın cənubundakı Rifah şəhəri yaxınlarına 20 raket zərbəsi endirilib. Son 24 saat ərzində təşkil edilən hücumlarda 9 fələstinli həlak olub, xeyli sayda insan yaralanıb.

Xatırladaq ki, Həmas sözçüsü Sami Əbu Zuhri də bir müddət əvvəl verdiyi açıqlamasında işğalçılar İzzəddin əl-Kassam döyüşçülərinə qarşı törətdikləri sui-qəsdin əvəzini ödəyəcək" deyə bildirmişdi. İsrail hökuməti cümə günü Qəzzadakı Həmas liderlərinə "üçüncü tərəf" vasitəsilə raket hücumlarını dayandırmayacaqları təqdirdə İsrailin cavab vermək məcburiyyətində qalacağını ehtiva edən bir mesaj göndərmişdi

Qeyd edək ki, İsrail ordusu fələstinlilərə qarşı təşkil etdiyi hərbi əməliyyatlara adlar verir. Son olaraq 2012-ci ildə Qəzzaya təşkil edilən əməliyyata "Bulud sütunu" adını vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə