Prezident binasına hücum olundu

Prezident binasına hücum olundu

1990-cı illərin əvvəllərində Gürcüstandan ayrılaraq müstəqilliyini elan edən Abxaziya Respublikasında müxaliflər Prezident binasına hücum edib. Minlərlə abxaz vətəndaşının Prezident sarayının qarşısında toplaşması və iqamətgahın şüşələrini qıraraq içəri girməsindən sonra Abxaziya prezidenti Aleksandr Ankvabın şəhəri tərk etdiyi iddia edilir.

Ölkəni tərk etdiyi iddialarına cavab verən prezident televiziyadan xalqa səslənərək, qaçmadığını, hələ Abxaziyada olduğunu və təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarət altına almaq üçün çalışdıqlarını bildirib. Vəziyyətlə bağlı Abxaziya Parlamenti də fövqəladə iclas keçirib. Qiyamın səbəbi olaraq ölkə başçısının totalitar bir rejim tətbiq etməsi, Moskva ilə münasibətlərdə səhvə yol verməsi, Rusiyadan iqtisadi asılılığı və bu səbəbdən tam müstəqil ola bilməməsi göstərilib.

Müxalifət lideri Raul Hacimba isə dövlət orqanlarının yenidən formalaşması üçün rəhbərliyi müvəqqəti olaraq nəzarətləri altında saxlayacaqlarını söyləyib.

Xatırladaq ki, SSRİ-nin dağılmasından sonra 1992-1993-cü illərdə baş verən vətəndaş müharibəsi nəticəsində Abxaziya Cənubi Osetiya ilə birlikdə Gürcüstandan ayrılmış və müstəqilliklərini elan etmişdi. Moskva 2008-ci ildə Rusiya və Gürcüstan arasında yaşanan müharibədən sonra iki bölgənin də müstəqilliyini tanımışdı.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə