“ABŞ-ın Rusiyanı təcrid siyasəti iflasa uğradı”

“ABŞ-ın Rusiyanı təcrid siyasəti iflasa uğradı”

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının başçısı Aleksey Puşkov Çinlə imzalanan 30 illik təbii qaz razılaşmasının ABŞ-ın "Rusiyanı təcrid etmə siyasətinin" müvəffəqiyyətsizliyə uğratdığını bildirib. Tvitter sosial şəbəkəsində Çinlə imzalanan razılaşmanı qiymətləndirən Puşkov bunları yazıb: "30 illik razılaşma strateji əhəmiyyətə malikdir. ABŞ prezidenti Barak Obamanın Rusiyanı təcrid etmə siyasəti işə yaramadı…"

Razılaşma ilə əlaqədar mətbuata danışan "Qazprom" rəsmisi Aleksey Miller bildirib ki, Rusiya və Çin "Qazprom"un tarixindəki ən böyük razılaşmaya imza atıb: "30 illik müddətdə Çinə 1 trilyon kub metrdən çox təbii qaz nəql olunacaq. Nəhayət ki, bizim üçün böyük potensial vəd edən yeni bir ixracat bazarı açıldı".

Tarixi razılaşmaya görə, 30 il boyunca, ildə 38 milyard kub metr qaz tədarükü nəzərdə tutur. Təbii qaz tədarükünün 4 il ərzində (2018-ci ildə) başlayacağı gözlənilir. Qarşılıqlı razılaşmaya əsaən, bu müqavilənin "Qazprom"a 400 milyard dollar gəlir gətirəcəyi bildirilir. Qiymətləndirmə şərtləri isə ticari sirr olaraq saxlanır.

Xatırladaq ki, Rusiya Çinə Sibirdəki istifadə olunmayan qaz yataqlarından yeni boru xətti çəkəcək. Buna görə Rusiya tərəfi Kovikta və Çayandin sahələrinə 55 milyard dollar dəyərində sərmayə qoyacaq. Çin də minimum 20 milyard dollar sərmayə ilə bu layihədə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə