Nigeriyada yenə qan gölü

2 hücumda 118 nəfərin öldüyü Nigeriyada terror dalğası dayanmır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin şimalındakı kəndlərə hücum olunub, ən azı 48 nəfər ölüb. Hücumların reallaşdığı 3 kənddən biri Boko Haramın 276 qızı qaçırdığı qəsəbənin 30 kilometr yaxınlığında yerləşir.

Alagarno kəndinin sakinləri hücum zamanı kolların arxasına gizləndiklərini, terrorçuların isə onların evlərini yandırdığını bildiriblər. Həmin kənddə ən azı 17 nəfər həyatını itirib.

Növbəti hücum Savak kəndində baş verib. Motorsikletli terrorçular 9 nəfəri öldürüb.

Hücumlarla bağlı məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib. İrəli sürülən iddialarda isə Boko Haram terror təşkilatının adı hallanır.

ABŞ Prezidenti Barak Obama isə Nümayəndələr Palatasına məktubunda qızların qurtarılması üçün qonşu ölkələrin də ortaq əməliyyata başladığı Çada 80 əsgərin göndərildiyini bildirib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə