Con Kerri: "Biz Krım tatarları ilə həmrəyik"

Con Kerri: "Biz Krım tatarları ilə həmrəyik"

ABŞ dövlət katibi Con Kerri Krım tatar xalqının sovet hökuməti tərəfindən tarixi torpaqlarından deportasiya edilməsinin 70-ci ildönümü ilə əlaqədar bəyanat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Con Kerri bəyanatında Krım tatarları ilə həmrəyliyini bildirərək Ukraynanın suverenliyi və ərazi bütövlüyünə bir daha dəstək ifadə edib.

Dövlət katibi deyib ki, sovet hökumətinin bu cinayəti bir çox Krım tatarının yaddaşında hələ yenidir və Krımın qanunsuz ilhaqı köhnə yaraları yenidən qanatdı.

Con Kerri hazırda Krımda insan haqları pozuntularının sayının artdığını qeyd edib: "Krım tatarları və digərlərinin oğurlanması, döyülməsi, qətlə yetirilməsi adi hala çevrilib. Tatarlar doğma dildə danışdıqlarına görə hücumlara məruz qalır. Minlərlə tatar öz təhlükəsizliyini qorumaq üçün Krımdakı evlərini tərk edib. Qalanlar isə repressiyalara, diskriminasiya və senzuraya məruz qalır, sərbəst toplaşma azadlığından məhrum olurlar. Biz Krım tatarları ilə həmrəyik. Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik".

Qeyd edək ki, 230 mindən çox Krım tatarının vəhşicəsinə deportasiyası zamanı onların təxminən yarısı qırılıb.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə