Matəm mitinqi keçiriləcək!
Krım tatarları TƏLƏB ETDİ

Krım Tatarları Məclisinin sədri Rəfat Çubarov Krım prokuroru Natalya Poklonskayaya Rusiya tərəfindən ilhaq edilmiş yarımadanın rəhbəri Sergey Aksyonovdan şikayət edib. SİA unian.net-ə istinadən xəbər verir ki, şikayətin məqsədi Sergey Aksyonovun Krım tatarlarına hər il Simferopolda keçirilən ənənəvi 18 may matəm mitinqininin keçirilməsinə Aksyonov tərəfindən qoyulan qadağa ilə bağlıdır.

Çubarov Simferopolda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər qadağa qüvvədə qalsa, tatarlar nəyin bahasına oluesa-olsun, matəm mitinqini keçirəcəklər.

Krım Tatarları Məclisinin lideri jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin 21 apreldə imzaladığı Krım xalqlarının reabilitasiyası haqqında fərmanını da göstərib. Belə ki, həmin fərmanda Krım tatarlarının hər il 18 may tarixində ənənəvi matəm mitinqlərini keçirilmələri üçün xüsusi bənd də mövcuddur.

"Aksyonovun qərarı isə RF prezidentinin fərmanı ilə uzlaşmır. Hansı ki, bildiyimiz qədər Krıma artıq Rusiya nəzarət edir"-deyə bildirən Rəfat Çubarov onu da qeyd edib ki, onlar 18 may yürüşünü etməkdə israrlıdırlar.

Məclis sədri hələ ki, prokurorluğun qərarını gözlədiklərini bildirib və onu da qeyd edib ki, artıq bu məsələ ATƏT və BMT-də də müzakirə olunub.

Xatırladaq ki, Aksyonov iyunun 6-na qədər 18 may mitinqi də daxil olmaqla bütün kütləvi tədbirlərin təxirə salınması haqqında fərman imzalayıb. Krım tatarları isə bütün hallarda matəm mitinqinə çıxacaqlarını israrla tələb etməkdə davam edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə