Ukraynanın şərqində Rusiya tərəfdarları Kiyev rəhbərliyinin xəbərdarlığına, Qərbin bütün reaksiyalarına, hətta Rusiya Dövlət Başçısı Vladimir Putinin çağırışına qulaq asmayaraq müstəqillik referendumu keçirib. SİA-nın xarici mətbbuata istinadən verdiyi xəbərə görə, Donetsk və Luhansk bölgələrində təşkil edilən referendumu Donetsk Xalq Respublikasının Mərkəzi Seçki Komitəsi idarə edib. Lakin səsvermə bülletenlərində nə zərf, nə də möhürün istifadə edilməməsi seçki nəticələrinin etibarlılığına şübhə yaradıb. Bülletenlərin açıq olaraq şəffaf sandıqlara atılması, bəzi seçki mərkəzlərində kabinlərin belə olmaması, heç bir elektron qeydiyyatın aparılmaması diqqət çəkib. Hətta, seçici siyahıları asılmasına baxmayaraq seçicilərin istədiyi seçki məntəqəsində səs verdiyi bildirilib. Səsvermə kağızlarında isə "Donetsk / Luhansk Xalq Respublikasının muxtariyyətini dəstəkləyirsinizmi?" sualına cavab vermək üçün "bəli" və "xeyr" variantları əks olunub. Bütün bu qarışıqlığa cavab olaraq seçki rəsmiləri seçici məlumatlarının bir gün ərzində yoxlanılacağını söyləyib. Referendumda neçə nəfərin səs verməsi, seçki məntəqələrinin yerləri haqqında dəqiq bir məlumat verilməyib.
Bütün bu yaşananlar səsvermənin Rusiya tərəfdarlarının xeyrinə nəticələnəcəyi ehtimalını yüksəldib. Referendumun nəticələrindən əmin olduqlarını ifadə edən müxaliflər mayın 25-i Ukraynada keçiriləcək prezident seçkilərini boykot edəcəklərini açıqlayıblar.
Rəsmi Kiyev isə referendumu Rusiya tərəfindən təşkil edilmiş bir maskarad kimi xarakterizə edərək, hadisəni cinayət sayıb və bölgə əhalisinin 75 faizinin seçkilərə qatılmadığını iddia edib. Referendum keçirilən bölgədə səsverməni boykot edən tək şəhər isə 20 min əhalisi olan Svatove olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB