Ukrayna NATO-dan etibarlı təchizat istəyəcək

Ukrayna NATO-dan etibarlı təchizat istəyəcək

Mayın 12-də Ukraynanın Müdafiə Nazirliyi NATO ölkələrinin mütəxəssisləri ilə iclas keçirəcək. İclasda söhbət əsasən Ukrayna Silahlı Qüvvələri üçün xüsusi avadanlıq göndərilməsindən gedəcək.

Bu barədə bu gün, mayın 10-da ölkənin müdafiə nazirinin birinci müavini Boqdan Butsa Ukrayna Milli İnformasiya Agentliyində (Ukrinform) keçirilmiş brifinqdə məlumat verib.

O deyib: "Biz Avropa ölkələrinin hərbi attaşeləri ilə iş aparırıq. Bazar ertəsi NATO ölkələrindən logistika məsələləri üzrə mütəxəssislər qrupu ilə iclas keçiriləcəkdir. Bir qayda olaraq, onlar hələ ki, yardım göstərməyə hazırdırlar, bu yardım qırğın vasitələrinə aid deyildir. Biz onlara təkliflərimizi göndərərək, nə almaq istədiyimizi bildirmişik: zirehli jiletlər, qaranlıqda istifadə olunan müşahidə cihazları, kameralar, digər xüsusi texnika. Onların göndərilməsi üçün bu ölkələrin icazəsi olmalıdır".

B.Butsanın sözlərinə görə, Fransa ilə artıq ilkin razılaşma var.

O, fikrini dəqiqləşdirərək bildirib ki, belə ləvazimat Avropa ölkələrində, Rusiyada, Belarusda hazırlanır. Ukraynada isə bunlar istehsal olunmur, əldə olanlar isə köhnəlib, qüvvələrin bərabər olduğu şəraitdə müqavimət göstərməyə imkan vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə