Litvada mayın 11-də keçirilməsi planlaşdırılan prezident seçkilərində 2,5 milyona yaxın seçici iştirak edəcək. Litva Seçki Komissiyası yaxınlaşan prezident seçkilərində səsvermə hüququna malik olan seçicilərin siyahılarını artıq tərtib edib.
Litva Baş Seçki Komissiyasının sədri Zenonas Vayqauskas qeyd edib ki, seçkilərdə 2,541 milyon seçicinin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Litva əhalisinin sayı təqribən 3 milyon nəfərdir. Z.Vayqauskas vurğulayıb ki, budəfəki prezident seçkilərində iştirak edəcək seçicilərin sayı 5 il bundan əvvəl, 2009-cu ildə keçirilmiş seçkilərdəkinə nisbətən bir qədər azdır. Əvvəlki prezident seçkilərində 2,67 milyon seçici səs verə bilərdi.
Litvanın xarici ölkələrdə 50 səfirliyi və konsulluğu var. Orada səsvermə artıq başlanıb. 11 minə yaxın seçici ilkin qeydiyyatdan keçib. Ölkə hüdudlarından kənarda olan litvalı hərbçilər artıq səs veriblər. Bu səslər qalan bülletenlər hesablanarkən ümumi qaydada nəzərə alınacaq.
Seçkiqabağı mübarizədə 7 namizəd iştirak edir. Ekspertlərin fikrincə, Litvanın fəaliyyətdə olan prezidenti Dalya Qribauskaytenin seçkilərdə qalib gəlmək şansı daha çoxdur. Litvada prezident beş il müddətinə, birbaşa, gizli səsvermə yolu ilə seçilir.
Dövlət başçısı vəzifəsinə iddia edənlər üçün yaş məhdudiyyəti müəyyən edilib – namizədin ən azı 40 yaşı olmalıdır. Prezidentliyə namizəd doğulduğu gündən Litva vətəndaşlığına malik olmalı və son 3 ildə Litvada yaşamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB