Qaçırılan 200 şagirddən hələ də xəbər yoxdur

Qaçırılan 200 şagirddən hələ də xəbər yoxdur

Nigeriyada qaçırılan 200-dən çox məktəbli qız hələ də tapılmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şagirdlərin valideynləri höküməti qızların tapılması məsələsinə laqeyid qalmaqda günahlandırır.

Ölkəni sarsıdan hadisənin baş verməsindən sonra olayla bağlı ilk dəfə çıxış edən Dövlət Başçısı Gudlak Conatan isə əllərində kifayət qədər məlumatın olmadığını və köməyə ehtiyac duyduqlarını söyləyib. Qaçırılan uşaqların ailələlərinə də səslənən Conatan, hökumətin onlardan dəstək gözlədiyini və ailələrin axtarış işlərinə kömək etməsini istəyib. Həmçinin onlara söz verib ki, qızlar harada olursa olsun onları tapacaqlar. Conatan hərbi qüvvələrin qurudan və havadan axtarışlarının davam etdiyini lakin tələbələrin yerlərini təsbit edə bilmədiklərini də söyləyib.

Məktəbli qızları qaçıranların "Qərb təhsili haramdır" mənasını verən radikal İslamçı Boko Haram təşkilatı olduğu ehtimal edilir.

Hökumətin uşaqların sərbəst buraxılması üçün Boko Haram təşkilatı ilə müzakirələrə başladığı iddialarına cavab verən ölkə prezidenti bunun yalan olduğunu və Boko Haram təşkilatı ilə danışıqların qeyri-mümkünlüyünü söyləyib.

Dövlət başçısı kömək üçün beynəlxalq qüvvələrlə də iş birliyinə başladıqlarını ifadə edib: "Bizə kömək edə biləcəyini düşündüyümüz ölkələrə də müraciət etmişik. Bunlardan biri də ABŞ-dır. Prezident Obama ilə iki dəfə görüşmüşəm".

Qeyd edək ki, Aprelin 14-də Borno əyalətində orta məktəbdən 200-dən çox məktəbli qız qaçırılıb. Qaçırılan şagirdlərin yaşları 15-lə 18 arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə