Praqada Vatslav Havelin adını daşıyan skamya açılıb

Praqada Vatslav Havelin adını daşıyan skamya açılıb

Praqanın mərkəzindəki Maltez (Azərbaycan dilinə tərcümədə Malta) meydanında Vatslav Havel adına skamyanın açılışı olub. Tədbiri Çexiya XİN-nin keçmiş başçısı, TOP 09 partiyasının sədri, parlamentin beynəlxalq işlər üzrə komitəsinin başçısı Karel Şvartsenberq aparıb. Sabiq prezidentin dul xanımı, aktrisa Daqmar Havelova mərasimin fəxri qonağı olub. O, mərhum həyat yoldaşına həsr olunmuş skamyada birinci oturub.

İnsanların sabiq prezidenti xatırlayacaqları skamyanın yaradılması ideyası Çexiyanın ABŞ-dakı səfiri Pyotr Qandaloviçə məxsusdur. Dünya şöhrətli Borek Şipek skamyanın arxitektoru olub.

Karel Şvartsenberq bildirib ki, cəmiyyət insan hüquqlarını iqtisadiyyatdan xeyli üstün tutan Vatslav Haveli mümkün qədər tez-tez xatırlamalıdır.

Skamyanın açılışı mərasimində çoxlu sayda ictimai və siyasi xadim, o cümlədən dissident və sosioloq İrjina Şiklova, sabiq ətraf mühit naziri Martin Bursik, Milli Teatrın direktoru Yan Burian və başqaları iştirak ediblər. Ölkənin mədəniyyət naziri, xristian demokratları təmsil edən Daniel German qonaqlar arasında olub.

Təntənəli mərasim başa çatandan sonra qonaqlar, habelə Praqa sakinləri və turistlər növbə ilə skamyada oturublar.

Bütün xəbərlər Facebook səhifəmizdə