Ukrayna antiterror əməliyatına başladı

Ukrayna antiterror əməliyatına başladı

Bu gün Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətinin Slavyansk şəhərində silahlı separatçılara və terrorçulara qarşı antiterror əməliyyatına başlayıblar. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat həyəcan siqnalı və kilsə zəngləri ilə başlanıb.

Əməliyyatla bağlı açıqlama verən Ukraynanın Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk bildirib ki, Slavyansk şəhərinin böyük hissəsi nəzarətə götürülüb.

Tımçuk əməliyyat zamanı Ukrayna güc strukturlarına məxsus Mi-24 helikopterinin vurulduğu haqqında da məlumat verib.Slavyanskda separatçılar tərəfindən "xalq meri" elan edilmiş Vyaçeslav Ponomaryov isə əməliyyat zamanı 2 helikopterin vurulduğunu dilə gətirib. O pilotlardan birinin öldüyünü, digərinin isə əsir götürüldüyü bildirib.

Son məlumatalara görə isə hazırda atəş səngiyib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov Slavyansk şəhəri ətrafında separatçıların quraşdırdığı 9 blok-postun təmizləndiyini və şəhərin mühasirə həlqəsinə alındığını açıqlayıb. O, əməliyyatda DİN-in qüvvələrinin, Milli Qvardiyanın və Silahlı Qüvvələrin bölmələrinin iştirak etdiyini deyib. Separatçı qüvvələr avtomatlarla yanaşı, qumbaraatanlar, hətta "PZRK" (daşınan zenit-raket kompleksi) ilə silahlanıb. Nazir Slavyansk və Kramatorsk sakinlərini evlərindən bayıra çıxmamağa və pəncərələrə yaxınlaşmamağa çağırıb. A. Avakov əməliyyat zamanı 1 pilotin öldüyünü təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə