Beynəlxalq Valyuta Fondu iqtisadi durumunu qaydaya salmaq üçün Ukraynaya 17.1 milyard dollar həcmində yardım edilməsini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yardım planı Rusiyanın da nümayəndəsi olmaqla fondun 24 üzvü tərəfindən qəbul edilib. Yardım üçün ayrılmış məbləğ iki il ərzində təqdim ediləcək. İlk ödəniş dərhal 3.2 milyard dollar həcmində olacaq. Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde deyib ki, Fond müntəzəm olaraq Ukrayna hökümətinin öhdəliklərini yerinə yetirib - yetirməməsini yoxlayacaq.
Ukrayna və Rusiya arasında siyasi və hərbi gərginliyin hökm sürməsi Ukraynada vergilərin və enerji qiymətlərinin qaldırılması kimi ciddi iqtisadi islahatlara gətirib çıxarıb. Fond, həmçinin, digər donorlardan - Dünya Bankı, Avropa İttifaqı, Kanada və Yaponiyadan gələcək yardımlara da yol açacaq.
Xatırladaq ki, ötən ilin dekabrında Ukrayna Rusiyadan 15 milyard dollar həcmində yardım almağa razılaşsa da prezident Viktor Yanukoviçin devrilməsi ilə anlaşma ləğv edilmişdi.
Beynəlxalq Valyuta Fondu bildirib ki, Rusiya Ukraynadakı böhrana görə "tənəzzül" yaşayır və bu il ABŞ və Avropa İttifaqının sanksiyalarına görə ölkə 100 milyard dollar itirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB