Devid Kemeron istefaya gedə bilər

Devid Kemeron istefaya gedə bilər

Böyük Britaniyanın Baş naziri Devid Kemeron yenidən bu vəzifəyə seçilərsə, Avropa İttifaqından çıxmaq məsələsi barəsində referendum keçirməyə nail olmayacağı təqdirdə istefaya gedəcəyini vəd edib.

O, bu fikri üzvü olduğu Mühafizəkarlar Partiyasındakı tərəfdarları ilə telefonla keçirilən konfrans zamanı səsləndirib.

Baş nazir deyib ki, referendum keçirmək vədi və ya ondan imtina etmək xüsusunda mübahisə aparmayacaq.

"İnterfaks" agentliyi D.Kemeronun bu sözlərini sitat gətirib: "Vədimizə əməl etməsək, hökumətə başçılıq etməyəcəyəm".

Böyük Britaniya parlamenti deputatlarının 2013-cü ilin noyabrında rədd etdikləri qanun layihəsinə görə, ölkənin Avropa İttifaqına üzvlüyü haqqında referendum artıq 2014-cü ilin oktyabrında keçirilməli idi.

İcmalar palatasının üzvlərinin böyük əksəriyyəti (249 deputat) sənədin əleyhinə səs verib, yalnız 15 deputat onu dəstəkləyib. Layihənin təşəbbüskarı Mühafizəkarlar Partiyasının üzvü, Brüsselə münasibətdə sərt mövqeyi ilə tanınan Adam Afriyye olub.

Onun fikrincə, Britaniya cəmiyyəti və biznesi referendumun keçirilməsi üçün nəzərdə tutulan 2017-ci ilə qədər gözləyə bilməz.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkənin Avropa İttifaqına üzvlüyü məsələsinə dair referendumun keçiriləcəyini rəsmi şəkildə vəd edib. Səsvermə 2017-ci il üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə