"Rusiya Ukraynanın şərqində gərginliyi artırmağı dayandırmasa Vaşinqton Moskvaya əlavə sanksiyalar tətbiq edəcək". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bəyan edib.
Con Kerri Rusiya hakimiyyətinin pozitiv addımlarının olmaması ilə bağlı narahatlığını ifadə edib.
O, həmçinin rusiyalı həmkarı ilə danışığı zamanı Rusiyanı hərbi ritorikanı yumşaltmağa, Ukraynanın şərqində diplomatik cəhdləri gücləndirməyə və dövlət binalarını ələ keçirmiş etirazçıların tərkisilah edilməsinə çağırış edib.
Xatırldaq ki, daha öncə Kiyevdə səfərdə olan ABŞ vitse-prezidenti Jozef Bayden də Rusiya hakimiyyətinə qonşu dövlətin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib və münaqişənin həlli üçün qərarlı hərəkət etməyə çağırıb.
O çıxışı zamanı bildirib ki, bu gün Ukraynanı hissələrə bölmək istəyənlər var, Ukrayna isə öz mövcudluğu uğrunda mübarizə aparır. Birləşmiş Ştatlar Rusiya və bütün Ukrayna xalqı ilə birgə Ukrayna böhranının həlli üçün çalışır.
O, özünün "qanunsuz işğal" adlandırdığı Krımın Rusiyaya birləşdirilməsini Birləşmiş Ştatların heç vaxt qəbul etməyəcəyini vurğulayıb. "Biz bunu sonsuz prosesə çevirməyə icazə verməyəcəyik. İnkişafın əldə olunması üçün çox az zaman qalıb".
Qeyd edək ki, bazar ertəsi silahlı şəxslər və rusiyameylli fəallar Kramatorsk və Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin binasını ələ keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB