Suriyada prezident seçkilərinin vaxtı açıqlanıb

Suriyada prezident seçkilərinin vaxtı açıqlanıb

Suriyada 2011-ci ilin mart ayından bəri 150 mindən çox insanın həyatını itirdiyi vətəndaş müharibəsi daha da şiddətləndiyi bir zamanda Əsəd hökuməti Prezident seçkilərinin iyunun 3-də keçiriləcəyini açıqlayıb.

SİA-nın verdiyi xəbərə görə, Parlamentdə keçirilən xüsusi iclasda çıxış edən spiker Məhəmməd Laham namizədliyini irəli sürmək istəyənlərin mayın 1-ə qədər namizədlik üçün müraciət edə biləcəklərini açıqlayıb. Laham qonşu ölkələrdəki 2 milyondan artıq qaçqın da daxil olmaqla Suriya xaricində yaşayan vətəndaşlar üçün səsvermə tarixinin mayın 28-i təyin olunduğunu söyləyib.

Seçkilərdə qalibiyyətə ən iddialı namizəd isə iqtidarda olduğu müddətdə ona qarşı edilən üsyanlara baxmayaraq hazırkı prezident Bəşər Əsəddir. 2000-ci ildə atası Hafiz Əsədin ölümü ilə iqtidara gələn Bəşər Əsəd 2007-ci ilin may ayında keçirilən seçkilərdə səslərin 97.6 faizini toplamağı bacarmışdı. İyulun 17-də prezidentlik müddəti bitəcək olan Əsəd hələ rəsmi olaraq namizədliyini açıqlamayıb. Ancaq, Suriya liderinin növbəti yeddi illik dövr üçün namizəd olması və qazanması gözlənilir.

Suriya parlamenti ötən ay yeni seçki qanununu təsdiqləyib. Yeni qanunda qoyulan məhdudiyyətlərə görə, prezidentliyə namizəd başqa ölkə vətəndaşı olmamalı, yaşı 40-dan çox olmalı, Suriya vətəndaşı olmayan biri ilə evlənməməli, hər hansı bir cinayətdə təqsirləndirilən şəxs olmamalı və son 10 ildə Suriyada yaşayan biri olmalıdır. Yeni qanunla ölkə xaricindəki müxalifət liderlərinin namizədliyini irəli sürməsinə maneələr yaranmış olur. Üsyançıların nəzarətində olan bölgələrdə isə seçkilərin keçirilməsi qeyri-mümkündür. Əhalisi Şiə olan bölgələrdə səslərin Əsədə veriləcəyi ehtimal edilir. Cihadçı İraq İslam dövlətindən qorxan xristianların da Əsədə səs verməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə