"Molotov kokteyl"ləri təhvil verildi

"Molotov kokteyl"ləri təhvil verildi

Ukrayna Təhlükəsizlik İdarəsi (UTİ) məlumat yayıb ki, hakimiyyəti dəstəkləyən "Sağ sektor"un Jitomir vilayətindəki özəyi 21 yeşik "Molotov kokteyli"ni, eləcə də iki ədəd 50 litirlik hazır yandırıcı maddəni hüquq mühafizə orqanlarına təhvil veriblər. SİA-ya daxil olan daha bir məlumata görə, "Sağ sektor"çular bu addımlarını Cenevrədə əldə edilmiş dördtərəfli razılaşmaya əsasən atıblar.

Xatırladaq ki, Cenevrə danışıqlarında Ukrayna, Rusiya , ABŞ və Aİ təmsilçiləri iştirak edərək, Ukraynada yaranmış böhran çərçivəsində müəyyən razılaşma əldə ediblər. Razılaşmanın bir bəndi də qanunsuz silahlı qruplaşmaların tərksilah olunaraq, ölkədəki vəziyyəti daha təhlükəli mərhələyə doğru aparmamaq tələbindən ibarətdir.

UTİ buna baxmayaraq, ölkənin Şərqində formalaşdırılan rusiyameylli özünümüdafiə dəstələrinin hələ də silah və sursatlarını müvafiq orqanlara təhvil vermədiklərini də bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə