Ukraynada girov götürülən 51 nəfər azadlığa qovuşdu

Ukraynada girov götürülən 51 nəfər azadlığa qovuşdu

Ukraynanın şərqində Rusiya tərəfdarı olan nümayişçilərlə Ukrayna Müdafiə nazirliyi arasındakı gərgin danışıqlar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, günlərdir davam edən danışıqlardan sonra nümayişçilər tərəfindən girov götürülən 51 nəfər sərbəst buraxılıb. Lakin Luhanskdaki yerli hökumət binası hələ də işğal altındadır. İşğalçıların silahlı olduqları və üzərilərində partlayıcı maddə daşıdıqları bildirilir.

Gərginliyin davam etdiyi Xarkov şəhərində polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Nümayişçilər nəzarətə alınan Rusiya tərəfdarlarının sərbəst buraxılmasını tələb edirlər.

Donetskin yerli hökumət binasını işğal altında saxlayan fəallar isə Ukraynadan ayrılmaq üçün referendum keçirilməsini tələb edirlər.

Ukrayna böhranından çıxış yolunu tapmaq üçün diplomatlar arasında da danışıqlar davam edir. Mövcud vəziyyətin həlli üçün Ukrayna, Rusiya, Avropa Birliyi və ABŞ arasında keçiriləcək görüş Avropada reallaşacaq. Ancaq görüşün vaxtı hələ məlum deyil.

Moskva isə Ukraynada Yanukoviçdən sonra iqtidara gələn hökuməti rəsmi olaraq tanımadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə