Litvada prezident seçkiləri kampaniyası rəsmən başlandı

Litvada prezident seçkiləri kampaniyası rəsmən başlandı

Litvada prezident seçkilərinə 30 gündən bir qədər çox qalmış, bu gün prezidentliyə namizədlərə vəsiqələr təqdim ediləcək və onların siyahısı rəsmi şəkildə elan olunacaq.
Prezident seçkilərində iştirak etmək arzusunu bildirmiş 12 şəxsdən yalnız yeddisi rəsmi namizəd olacaq. Seçkiqabağı təşviqat kampaniyası da çərşənbə günü başlanacaq, lakin bu kampaniya ciddi reqlamentləşdiriləcək. Bununla əlaqədar, namizədlər seçiciləri öz tərəflərinə cəlb etmək üçün bütün vasitələrdən istifadə edə bilməyəcəklər.
Seçicilərin etimadını qazanmaq baxımından birinci sınaqdan uğurla çıxmış iddiaçılar bunlardır: Litvanın indiki prezidenti Dalya Qribauskayte, sosial-demokratların namizədi Ziqmantas Balçitis, Vilnüs meri Arturas Zuokas, Litva Kəndlilər və Yaşıllar İttifaqının namizədi, İqnalina şəhərinin meri Bronis Rope, müstəqil namizəd Naqlis Puteykis, Əmək Partiyasının namizədi Arturas Paulauskas və Litva Polyakları Seçki Aksiyasının (LPSA) lideri, Avropa Parlamentinin üzvü Valdemar Tomaşevsi.
Mərkəzi Seçki Komissiyası bu şəxsləri prezidentliyə namizədlər kimi qeydə almışdır. MSK həmin namizədlərə prezidentliyə namizəd vəsiqələrini çərşənbə günü Seymdə təqdim edəcəkdir. Mərasimdə ədalətli seçkilər haqqında bəyannamə imzalanması planlaşdırılır.
Prezidentliyə namizədlərin debatları aprelin 17-də başlanacaq.
Rəsmi seçkiqabağı kampaniya dövründə hər bir rayonda xüsusi təşviqat stendləri təşkil ediləcək. Namizədlər öz təşviqat plakatlarını həmin stendlərdə asa biləcəklər.
Prezident seçkilərinin birinci turu mayın 11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə