Ukraynanın Donetsk vilayəti administrasiyasının binasını ələ keçirən separatçı qruplar Rusiya bayrağını qaldıraraq "müstəqillik" elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vilayət administrasiyasını işğal edən təxminən 100 nəfərlik qrup, "Xalq Konqresi" təşkil edərək "Donetsk Xalq Respublikası" adı altında müstəqillik elan edib. Separatçılar administrasiya binası eyvanından çıxış edərək bildiriblər ki, əgər Kiyev rəhbərliyi onların qərarına müdaxilə etsə, anında Rusiyaya hərbi yardım çağırışı edəcəklər. Rusiya isə çağırışlarına "yox" deməyəcək. Onlar "Donetsk Xalq Respublikası"nın 11 May tarixinə qədər referendum keçirməyi planlaşdırdığını da açıqlayıblar.
Ukraynanın şərqindəki hadisələr paytaxt Kiyevdə çaxnaşma yaradıb. Ukraynanın dövlət başçısı Aleksandr Turçinov Litva səfərini ləğv edib və təcili yığıncaq keçirib. Parlamentdə çıxış edən Turçinov Krımın ssenarisinin Donetskdə tətbiq olunmağa cəhd edildiyini, yalnız buna icazə verməyəcəklərini söyləyib. Turçinov çıxışında qeyd edib ki, Ukraynanın şərqində silahlı üsyanlar təşkil edən şəxslər artıq terrorçu rəftarı görəcək. O həmçinin Rusiyanın Ukraynanı tamamilə parçalamaq istədiyini bildirib.
Qeyd edək ki, Ukraynanın beşinci böyük şəhəri olan, "mədən işçilərinin paytaxtı" kimi tanınan Donetsk şəhərinin əhalisi 982 mindir. Əhalisinin 48 faizi isə ruslardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB