BMT Fələstin-İsrail danışıqlarının bərpa edilməsi üzərində işləyir

BMT Fələstin-İsrail danışıqlarının bərpa edilməsi üzərində işləyir

Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi üzrə beynəlxalq vasitəçilər "dördlüyü" (Rusiya, ABŞ, BMT və Aİ) Fələstin-İsrail danışıqlarının davam etdirilməsi yollarını elçilər səviyyəsində müzakirə edib.
BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib: "İki gün bundan əvvəl "dördlüyün" elçiləri arasında telefon söhbəti olub və onlar danışıqlar prosesinin davam etdirilməsi yollarını müzakirə ediblər".
F.Hakın sözlərinə görə, İsrail fələstinli məhbusların sonuncu qrupunu həbsdən azad etməkdən vaz keçəndən sonra BMT öz tərəfindən bu danışıqların tezliklə bərpa olunmasına yönəlmiş addımlar atır.
İsrailin bu hərəkətinə cavab olaraq Fələstin Prezidenti Mahmud Abbas Fələstinin 15 beynəlxalq konvensiyaya qoşulması haqda sənədləri imzalayıb.
Beləliklə, hər iki tərəf 2013-cü ilin iyul ayında başlanmış danışıqlar müddətində öz vədlərinə əməl etməyib.
Hak bildirib ki, Yaxın Şərq prosesinin xüsusi əlaqələndiricisi Robert Serri İsrail və Fələstin tərəfləri ilə bir sıra görüşlər keçirib.
Baş katibin nümayəndəsi deyib: "Ümid edirik ki, əvvəlcədən planlaşdırılmış, aprelin 29-da başa çatacaq 9 aylıq dövrün sonuna qədər danışıqları bərpa etmək mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə