Çexiya hakimiyyəti daxilində qalmaqal başlanıb

Çexiya hakimiyyəti daxilində qalmaqal başlanıb

Çexiyanın Baş naziri Boquslav Sobotka Baş nazirin müavini və eyni zamanda maliyyə naziri olan Andrey Babişi kəskin tənqid edib. Sobotka belə bəyanatla özünün sədr olduğu Sosial-Demokrat Partiyasının idarə heyətinin iclasından sonra çıxış edib. Hökumətin sədrinin fikrincə, maliyyə naziri vergilərin toplanmasını yaxşılaşdıra biləcək qanunların və digər normativ aktların hazırlanmasını qəsdən ləngidir. Bundan əlavə, Sobotkanın fikrincə, Babiş ona məxsus olan kütləvi-informasiya vasitələrindən hökumətin başçısına təzyiq göstərmək üçün istifadə edir.
Siyasət aləminə yaxın vaxtlarda gəlmiş Andrey Babiş Çexiyanın iki gündəlik qəzetinin sahibidir. Hökumət sədrinin bu bəyanatı onun partiyası ilə "Ano" hərəkatı (bu hərəkatın lideri Andrey Babişdir) arasında "dava-dalaşın" davamıdır. Hazırda Çexiyada koalisiyalı hökumət bu iki partiyadan və xristian demokratlardan ibarətdir. Lakin son günlərdə sosial-demokratlar və "Ano" hərəkatının nümayəndələri bir-birinə qarşı kəskin tənqid müxtəlif bəyanatlar və şərhlərlə çıxış edirlər. Bəzi analitiklərin fikrincə, əgər tərəflərin münaqişəsi davam edərsə, hökumət parçalana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə