Yunanıstanda 500 mindən çox uşaq yoxsulluq həddindədir

Yunanıstanda 500 mindən çox uşaq yoxsulluq həddindədir

Valideynlərin işsizliyi, sosial xərclərin azalması, iqtisadi qeyri-sabitlik, tibbi yardımın olmaması nəticəsində Yunanıstanda təqribən 686 min uşaq yoxsulluq və sosial təcrid riski ilə üzləşib.

Bu məlumat UNICEF-in Yunanıstan bölməsinin Afina Universiteti ilə birgə hazırladığı "2014-cü ildə Yunanıstanda uşaqların vəziyyəti: iqtisadi böhranın uşaqlara təsiri" adlı illik məruzəsində yer alıb.

2011-ci il əhalinin siyahıyaalınmasına görə, Yunanıstanda yaşı 18-ə çatmayan 1,89 milyon uşaq var. Onlar əhalinin 17,5 faizini təşkil edirlər.

2012-ci ildə Yunanıstanda yoxsulluq və sosial təcrid riski həddində olan cəmi 686 min uşaq olub ki, bu da 2011-ci ildəki 30,4 faiz ilə müqayisədə uşaqların ümumi sayının 35,4 faizini təşkil edir. UNICEF ötənilki məruzəsində bildirmişdir ki, belə uşaqların sayı 579 mindir.

Yunanıstanda uşaqların xeyli hissəsi tibbi və ya həkim yardımından məhrumdur, çünki onların valideynləri işləri ilə bərabər, sığorta hüququnu da itiriblər.

Məruzə müəllifləri bildirirlər ki, ötən iki ildə dövlətin vəziyyətin düzəldilməsi istiqamətində fəaliyyətində heç bir tərəqqi əldə olunmayıb. Sənəddə deyilir ki, uşaqların hüquqlarının müdafiəsi üzrə fəaliyyət planı işləyib hazırlamaq, uşaq hüquqları siyasətinin əlaqələndirilməsinin öyrənilməsi, planlaşdırılması üzrə mərkəzi orqan yaratmaq lazımdır.

UNICEF elan edib ki, uşaqlara yardım üçün vəsait toplamaq məqsədi ilə aprelin 10-da böyük ənənəvi radiomarafon keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə