Dünya Ticarət Mərkəzi kompleksinin mühafizəsi gücləndirilir

Dünya Ticarət Mərkəzi kompleksinin mühafizəsi gücləndirilir

Nyu-York ştatından olan demokrat senator Çarlz Şumer bildirib ki, 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində dağıdılmış əkiz qüllələrin yerində ucaldılan yeni Dünya Ticarət Mərkəzi (DTM) kompleksinə kənar şəxslərin soxulması halları çoxalıb və bununla əlaqədar, ABŞ Milli Təhlükəsizlik Nazirliyi yeni kompleksin mühafizəsini xüsusi nəzarətdə saxlamalıdır.

Senator vurğulayıb ki, hazırda bu binaların təhlükəsizlik sistemi heç də yaxşı vəziyyətdə deyil. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri DTM mühafizəçilərinin hazırlıq səviyyəsini və səriştəliliyini mütəmadi yoxlamalı, habelə mərkəzdə quraşdırılmış müşahidə sisteminə və kompleksin ətrafındakı hasara vaxtaşırı baxış keçirməlidirlər.

Şumer xatırladıb ki, mart ayında 16 yaşlı bir yeniyetmə həmin kompleksə daxil olan DTM-1 adı ilə məşhur olan göydələnin damına dırmaşıb. Məktəbli oğlan bu binaya hasardakı dəlikdən keçib. Liftçi yeniyetməyə heç bir sual vermədən onu binanın 88-ci mərtəbəsinə çatdırıb.

Yeniyetmə 88-ci mərtəbədən pilləkənlə binanın sonuncu, 104-cü mərtəbəsinə qalxıb və orada yatan gözətçinin yanından keçərək dama dırmaşıb, təxminən 2 saat damda qalıb.

Yenə mart ayında üç kişi bütün keşik postlarından yan keçərək DTM-1-in damına çıxıb. Onlar göydələnin damından paraşütlərlə tullanmış və binanın yaxınlığında saxlanılıblar. Hazırda kompleksin mühafizəsi üçün Nyu-York və Nyu-Cersi ştatlarının liman idarəsi cavabdehdir, lakin Şumer bu idarənin işini qənaətbəxş hesab etmir. O deyib: "Təhlükəsizlik sistemi ilə bağlı problemlər hədsiz çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə