Ermənipərəst deputatlara layiqli cavab

Ermənipərəst deputatlara layiqli cavab

Fransa Milli Assambleyasının ermənipərəst deputatı, ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Fransua Roşebluan və onun həmfikirləri Rene Ruke və Qay Tesye "Le Monde" qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdirdikləri məqalə ilə bir daha öz ənənələrinə sadiq qaldıqlarını nümayiş etdiriblər.

Münaqişəyə son qoymaq üçün Ermənistan ilə Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs elan edilməsindən 20 il keçdiyini xatırladan üzdəniraq deputatlar bölgədə sülhə nail olmağın yeganə yolunu heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasında gördüklərini bəyan ediblər. Onlar guya cəbhə bölgəsində Azərbaycan hərbçilərinin açdıqları atəş nəticəsində onlarla dinc erməninin həlak olmaları haqda mənasız fikirlər irəli sürməklə fransız ictimaiyyətini aldatmağa çalışıblar.

Bədxah deputatların məqaləsi ölkədə birmənalı qarşılanmayıb. Senatın Fransa-Qafqaz Dostluq Qrupu sədrinin müavini, senator Natali Qule Fransanın "Nediapart" mətbu orqanında "Dağlıq Qarabağ münaqişəsindən pis istifadə etmə" adlı məqaləsi ilə hər üç müəllifə tutarlı cavab verib.

Məqalədə senator Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin artıq dünya ictimaiyyəti tərəfindən bilindiyini, hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon daxil olmaqla ümumilikdə Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini diqqətə çatdırır. Senator vurğulayır ki, ümumiyyətlə "Dağlıq Qarabağ Respublikası" adlı bir dövlət yoxdur və ermənilərin yaratdıqları qondarma qurum heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmır.

N.Qule ermənipərəst deputatların məqaləsinin ölkədə bələdiyyə seçkilərinin birinci turuna bir neçə gün qalmış dərc edilməsinin xüsusi manevr olduğunu bildirir. Deputatların məqalədəki iddialarının heç bir siyasi normaya sığmadığını vurğulayan N.Qule onların fikrilərinin ölkənin münaqişəyə dair mövqeyini əks etdirməyini yazır.

Senator işğal altındakı ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu diqqətə çatdırır, ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını, deputatların bu məqaləsinin isə qızışdırıcı xarakter daşıdığını bildirir.

N.Qule yazır: "F.Roşebluan, onun həmfikirləri R.Ruke və Q.Tesyedən başqa biz hamımız münaqişənin həllində beynəlxalq hüquq normalarını tamamilə dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə