Meksika Konqresi tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, 2011-ci ilin mart ayından etibarən Meksika Konqresi tərəfindən ənənəvi olaraq hər il keçirilən tədbirdə Azərbaycan, İran və İraqın Meksikadakı diplomatik nümayəndəliklərinin rəhbərləri, Meksika Konqresinin əməkdaşları və ölkə içtimaiyyətinin müxtəlif tanınmış nümayəndələri iştirak və çıxışlar ediblər.
Konfransda çıxış edən səfir İ. Muxtarov beynəlxalq Novruz bayramının çoxəsrlik tarixi və bayram ənənələri barədə məlumat verərək, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında 21 mart tarixini "Beynəlxalq Novruz Günü" elan edən qətnamənin qəbul edildiyini bildirib.
Sonra konfrans iştirakçılarına Azərbaycan Səfirliyi tərəfindən hazırlanmış, ölkəmizdə mövcud Novruz ənənələrindən bəhs edən təqdimat nümayiş etdirilib.
Tədbirdə şərq ədəbiyyatının görkəmli şairi Hafiz Şirazinin şerlərindən parçalar oxunub.
Konfransın yekununda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Həmin gün Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayram tədbiri keçirilib. Tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri - tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir İ. Muxtarov, iştirakçılara Azərbaycanda hər il keçirilən ənənəvi novruz bayramı barədə ətraflı məlumat verib, bu bayramın dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilmiş, bayram tonqalı yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB